Azərbaycan mediasının Vətən müharibəsi dövründəki fəaliyyəti müzakirə olunub

Media
  • 05 noyabr, 2026
  • 11:55
Azərbaycan mediasının Vətən müharibəsi dövründəki fəaliyyəti müzakirə olunub

Media və Yayım Şurasında "Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi" mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Vətən müharibəsində iştirak edən jurnalistlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli tədbirdəki çıxışında Vətən müharibəsinin Azərbaycan jurnalistikası üçün də böyük sınaq olduğunu vurğulayıb:

"Həm informasiya savaşında, həm də döyüş meydanında jurnalistlərimiz iştirak etdilər, qarşıya qoyulan məqsədlərə nail olundu. Torpaqlarımızın azad olunmasında onların da xidmətlərinin olduğu qeyd edilməlidir. İstər Birinci Qarabağ savaşında, istərsə də Vətən müharibəsində şəhid olan jurnalistlərimiz var. İkinci Qarabağ müharibəsindən sonra Kəlbəcərdə peşə fəaliyyətlərini yerinə yetirən zaman AZTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov şəhid oldu. Jurnalistlərimiz zəfərimiz üçün həm döyüşdülər, həm də salnamələr yazdılar".

O, Prezident İlham Əliyevin Vətən müharibəsinin gedişində 30-dan çox ölkənin mediasına müsahibələr verdiyini xatırladıb:

"Birinci Qarabağ müharibəsində biz təklənmişdik, səsimiz eşidilmirdi, Azərbaycan informasiya blokadasında idi. İkinci Qarabağ müharibəsində isə Azərbaycanın səsi dünyanın hər yerindən eşidildi. Azərbaycan jurnalistləri vəzifə borclarını layiqincə yerinə yetirə bildilər. Azərbaycan dövləti məhz belə fədakarlıq göstərmiş jurnalistlərimizin, həmkarlarımızın fəaliyyətini yüksək qiymətləndirərək onları orden və medallarla təltif etdi".

Daha sonra Vətən müharibəsi dövründə medianın fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə Vətən müharibəsinin iştirakçısı olmuş jurnalistlər- İlham Tumas, Mayıl Əsgərov, Məğrur Əli Polad, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə çıxış ediblər.

Onlar keçdikləri döyüş yolu, üzləşdikləri çətinliklər, qazanılan tarixi Zəfərlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə həmçinin müharibənin ən qızğın nöqtələrindən reportajlar hazırlayan jurnalistlər Fərdin İsazadə, Araz Xan çıxış edərək müharibə zamanı jurnalistin peşə yolundan danışıblar.

Dəyirmi masa müzakirələrlə davam edib.