Biləsuvarda 6-cı "Hindquşu – Mətbəx Festivalı" keçirilib
- 21 noyabr, 2026
- 15:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar şəhər Mərkəzi Parkında 6-cı "Hindquşu – Mətbəx Festivalı" keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Mədəniyyət Nazirliyinin (Şirvan-Salyan, Dağlıq Şirvan və Lənkəran-Astara Regional Mədəniyyət idarələri), Gənclər və İdman Nazirliyinin (Gənclər evləri və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi), Dövlət Turizm Agentliyinin və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan festivalın əsas məqsədi quşçuluq sahəsinin inkişafına dəstək göstərmək, milli mətbəximizi təbliğ etmək, eləcə də regionun turizm potensialını tanıtmaq olub.
Artıq ənənə halını almış festivalda dövlət qurumlarının nümayəndələri, fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, tanınmış aşpazlar, media təmsilçiləri, yerli sakinlər və xarici qonaqlar iştirak ediblər.
Qeyd olunub ki, bu cür tədbirlər regionda turizmin inkişafına, milli adət-ənənələrin və mədəni irsinin təbliğinə, kənd təsərrüfatının mühüm sahələrindən biri olan quşçuluğun təşviqinə, eləcə də rayonun iqtisadi potensialının geniş ictimaiyyətə tanıdılmasına mühüm töhfə verir.
Festival çərçivəsində hind quşu ətindən hazırlanmış müxtəlif çeşidli milli təamlar təqdim olunub, yemək müsabiqəsində yüksək keyfiyyətli nümunələrlə fərqlənən iştirakçılar xüsusi mükafatlarla təltif ediliblər. Bununla yanaşı, Çin və özbək mətbəxinə aid nümunələr, eləcə də amerikansayağı hind quşu ləvəngisi qonaqlara təqdim edilib.
Tədbir iştirakçıları yerli kənd təsərrüfatı məhsullarından ibarət satış yarmarkası ilə tanış olub, kənd həyatını əks etdirən xüsusi guşəni ziyarət ediblər. Festivalda xalqımızın milli-mənəvi dəyərlərini və qədim adət-ənənələrini yaşadan toy mərasimləri də nümayiş etdirilib.
Festivalın proqramı müxtəlif əyləncəli tədbirlər, idman yarışları və mədəni təqdimatlarla zəngin olub. Darts, nərd, tir atıcılığı, oxatma və kəndirdartma yarışları keçirilib, kəndirbazlar və pəhləvanlar öz məharətlərini nümayiş etdiriblər. Eyni zamanda, müxtəlif əl işlərindən ibarət sərgilər, rəsm əsərləri, Basqal şirniyyatları və kəlağayı nümunələri sərgilənib.
Bununla yanaşı, cənub bölgəsinin ekoturizm imkanlarını əks etdirən fotosərgi, sənətkarların əl işləri və həsirçilik nümunələri festival iştirakçılarına təqdim olunub.
Festival boyunca milli və xarici musiqilər səsləndirilib, rəqs kollektivlərinin çıxışları iştirakçılara xoş ovqat bəxş edib.
Qeyd edək ki, artıq ənənəvi xarakter almış Festival Biləsuvar rayonunun turizm imkanlarının tanıdılması, yerli istehsalın və sahibkarlığın təşviqi, milli mətbəximizin təbliği, eləcə də bölgənin mədəni həyatının zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.