Firəngiz Əlizadə: Gənc dirijorlar xaricdə süni intellektlə hazırlanan musiqini təqdim edirlər

Mədəniyyət siyasəti
  • 13 noyabr, 2026
  • 16:45
Firəngiz Əlizadə: Gənc dirijorlar xaricdə süni intellektlə hazırlanan musiqini təqdim edirlər

Gənc dirijorlar xaricdə süni intellektlə hazırlanan musiqini Azərbaycan sinfonik musiqisi kimi təqdim edir

"Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə

Milli Məclisin Mədəniyyət komitəsinin "Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası" mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

Xalq artisti bildirib ki, həmin dirijorlar gedib başqa ölkələrdə fəaliyyət göstərirlər:

"Bəs orada hansı musiqini ifa edirlər? İnanmazsınız, süni intellekt vasitəsilə yaradılan əsərləri təqdim edirlər. Başa düşürsünüz bu nə deməkdir? Gənc dirijorumuz musiqi baxımından dünyanın ən zəngin ölkələrindən biri olan İtaliyaya gedir və orada süni intellekt proqramları vasitəsilə yaradılmış musiqini Azərbaycan simfonik musiqisi kimi təqdim edir. Bunun adı nədir, deyə bilərsiniz mənə?".

Xalq artisti əlavə edib ki, Azərbaycanda bəstəkarlıq fakültələrinə maraq azalır, gənc bəstəkarlar işsizlik və maddi çətinliklərlə üzləşirlər. O, bəstəkarlıq fakültələrinin tədricən bağlandığını, yaxud digər fakültələrlə birləşdirildiyini deyib: "Bunun əsas səbəblərindən biri gənclərin bu sahəyə maraq göstərməməsidir. Heç kim bəstəkarlığa daxil olmaq istəmir. Çünki bəstəkara qiymət verən, onun əsərlərini alan yoxdur. Hətta bəzi diplomlarda "bəstəkar" ixtisası qeyd edilmir".

Xalq artisti onu da vurğulayıb ki, beynəlxalq müsabiqələrdə uğur qazanan əsərlər belə sonradan ifa olunmur, bəstəkarlar öz musiqilərini dinləyiciyə çatdırmaq üçün imkan tapa bilmirlər.