COP31-də "Ölümcül Miras" sənədli filmi nümayiş olunub

Mədəniyyət siyasəti
  • 11 noyabr, 2026
  • 16:33
COP31-də Ölümcül Miras sənədli filmi nümayiş olunub

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP31) çərçivəsində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanmış "Ölümcül Miras" ("Deadly Legacy") sənədli filminin xüsusi nümayişi keçirilib.

"Report"un məlumatına görə, qlobal mina təhlükəsindən bəhs edən filmin nümayişi Qarabağ Dirçəliş Fondu və Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin birgə təşkilatçılığı ilə COP31-in Mavi Zonasında yerləşən Azərbaycan pavilyonunda baş tutub.

Tədbirin açılışında Nigar Arpadarai, Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə və Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova çıxış ediblər.

Tədbirə Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, "Fortescue" şirkətinin Direktorlar Şurasının üzvü Jan Baderşnayder (Jean Baderschneider) və Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü, Millətlər Birliyinin sabiq baş katibi Patrisiya Skotland (Patricia Scotland), o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin COP31-dəki nümayəndə heyətinin üzvləri, COP31-də iştirak edən yerli və xarici qonaqlar qatılıblar.

Açılış çıxışlarından sonra film ingilis dilində nümayiş etdirilib.

Qeyd edək ki, COP31-də iştirak edən Qarabağ Dirçəliş Fondunun nümayəndə heyəti filmin nümayişi ilə yanaşı, bir neçə gün ərzində Qarabağ həqiqətlərinin, xüsusilə işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina təhlükəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdirib.

Belə ki, tədbir çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edən yerli və xarici qonaqlara, o cümlədən ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev, Azərbaycanın energetika naziri Pərviz Şahbazova "Ölümcül Miras" sənədli filmi barədə ətraflı məlumat verilib. Eyni zamanda, ekran əsərində Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükələrin, bu problemin insan həyatına, təhlükəsizliyinə və münaqişədən sonrakı bərpa prosesinə təsirinin real insan hekayələri və ekspert rəyləri əsasında təqdim olunduğu vurğulanıb.

Məlumat üçün bildirək ki, "Ölümcül Miras" sənədli filmi Qarabağ Dirçəliş Fondunun sifarişi ilə "Beach House Pictures" şirkəti tərəfindən Azərbaycan, Bosniya və Herseqovina, Kolumbiya və Laosda çəkilib. Ekran əsəri mina partlayışlarından zərər çəkmiş insanların hekayələri, eləcə də ekspert və rəsmi şəxslərin müsahibələri əsasında hazırlanıb. Filmdə minaların və partlamamış hərbi sursatların insanların həyatına, torpaqlardan təhlükəsiz istifadəyə və münaqişədən sonrakı bərpa prosesinə təsiri göstərilir.

44 filmi