Astanada "Türküstan" ensiklopediyası təqdim edilib

Mədəniyyət siyasəti
  • 22 oktyabr, 2026
  • 15:03
Astanada Türküstan ensiklopediyası təqdim edilib

Qazaxıstanın Milli Akademik Kitabxanasında türk xalqlarının tarixinə və mədəni irsinə həsr olunmuş ikicildlik "Türküstan" ensiklopediyasının təqdimatı keçirilib.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə dəyirmi masa formatında baş tutub.

"Türküstan" ensiklopediyasında türk dünyası geniş tarixi-mədəni kontekstdə ortaq tarixi yaddaş və mənəvi irs məkanı kimi nəzərdən keçirilir.

Ensiklopediya üzərində iş 2021–2025-ci illərdə 300-dən çox alim və tədqiqatçının iştirakı ilə aparılıb. Həcmi 880 səhifə olan kitaba tarix, arxeologiya, memarlıq, etnoqrafiya, ədəbiyyat və folklora dair 4 mindən çox məqalə və material daxil edilib. Tarixi şəxsiyyətlərə, yaşayış məntəqələrinə və coğrafi adlara xüsusi diqqət yetirilib.

Nəşr Türküstan vilayəti akimliyinin dəstəyi ilə hazırlanıb. Layihənin baş redaktoru və rəhbəri tarix elmləri doktoru, akademik Darxan Kıdırəli, məsul redaktoru isə ədəbiyyatşünas Turdıqul Şanbay olub.

D.Kıdırəlinin sözlərinə görə, ensiklopediya Mərkəzi Asiyanı və türk dünyasını əhatə etməklə Türküstan anlayışını geniş mənada açır. Əvvəllər dərc edilmiş materiallara müasir tədqiqatlar və yeni elmi məlumatlar nəzərə alınmaqla yenidən baxılıb.

Təqdimatda həmçinin ictimai və dövlət xadimi Adil Əhmədov, Dikan Kamzabekulı, Azərbaycanın "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal və ziyalıların digər nümayəndələri iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Adil Əhmədova və Darxan Kıdırəliyə "Türk mədəniyyəti və irsi səfiri" adını verib.