Tomas Kayris: "Azərbaycan EBRD üçün ən mühüm əməliyyat ölkəsi olaraq qalır" - Eksklüziv

Maliyyə
  • 24 noyabr, 2026
  • 13:01
Tomas Kayris: Azərbaycan EBRD üçün ən mühüm əməliyyat ölkəsi olaraq qalır - Eksklüziv

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) geniş özəl sektoru, o cümlədən kiçik biznesi və gənclərin sahibkarlığını Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin və dayanıqlı inkişafının müəyyənedici amili hesab edərək, diqqətini onların dəstəklənməsinə yönəldir.

Bu barədə "Report"a EBRD-in Qafqaz üzrə direktoru Tomas Kayris (Tomas Kairys) məlumat verib.

"Azərbaycan EBRD üçün son dərəcə əhəmiyyətli əməliyyat ölkəsidir. İnvestisiya portfelimiz 3,8 milyard avrodan çoxdur, 200-dən artıq layihə həyata keçirilib. Biz burada genişmiqyaslı fəaliyyət göstəririk və hazırkı mərhələdə diqqətimizi özəl sektora cəmləşdirmişik. Biz böyük korporasiyalarla əməkdaşlıq edirik, lakin paralel olaraq daha geniş özəl sektorla: kiçik müəssisələrlə, gənclərlə, qadınlarla işləməyə başlayırıq. Əminik ki, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf həqiqətən səmərəli fəaliyyət göstərən iqtisadiyyatın təməlini təşkil edir", - o bildirib.

O, "Gənclər biznesdə" (YinB) proqramının işə salınmasına toxunaraq, proqramın dəyərinin kiçik biznesin başlanmasına və inkişafına dəstək məqsədilə gənc sahibkarların, bank sektorunun, dövlət strukturlarının və Avropa İttifaqının səylərinin birləşdirilməsindən ibarət olduğunu vurğulayıb. Bu məqsədlə bank həm maliyyə institutlarına, həm də fəaliyyətə yeni başlayan sahibkarlara ünvanlanmış xüsusi stimullaşdırıcı tədbirlər paketi hazırlayıb.

EBRD nümayəndəsi qeyd edib ki, proqram təkcə maliyyə resurslarına çıxışın genişləndirilməsinə deyil, həm də konsaltinq dəstəyi və təlimlər vasitəsilə qeyri-maliyyə maneələrinin aradan qaldırılmasına hədəflənib:

"Gənclər biznesdə" proqramını həyata keçirərkən, biz yalnız sonrakı kreditləşmə üçün vəsait ayırmağa çalışmırıq. Söhbət həm də biznesin idarə edilməsi üzrə praktiki tövsiyələrin verilməsindən və onları müşayiət etməkdən gedir. Uzunmüddətli perspektivdə bu sahibkarlar uğur qazandıqda, onlar iqtisadiyyatın əsasını təşkil edəcəklər".

O əlavə edib ki, bu təşəbbüsün reallaşdırılması bazarın bütün iştirakçıları üçün qarşılıqlı fayda təmin edir: "Fəaliyyətə yeni başlayan iş adamları qabaqcıl təcrübəni mənimsəyir, Azərbaycandakı tərəfdaş banklar isə öz müştəri bazalarını genişləndirirlər. Mənim fikrimcə, bu, iqtisadiyyat, bizim və Azərbaycan üçün uduşlu vəziyyətdir".

44 filmi