SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb

Maliyyə
  • 02 noyabr, 2026
  • 14:34
SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci il noyabrın 1-də 5 il müddətinə dövriyyəyə buraxdığı, ümumi dəyəri 100 milyon ABŞ dolları olan istiqrazların tədavül müddəti başa çatıb.

"Report" bu barədə "SOCAR Capital" MMC-yə istinadən xəbər verir.

Məlumata görə, bu gün istiqrazlar üzrə 20-ci və sonuncu faiz ödənişi edilib. İstiqraz sahiblərinin hesablarına ümumilikdə 1 milyon 125 min ABŞ dolları köçürülüb.

Bununla da bu buraxılış üzrə 5 il ərzində investorlara ödənilən faizlərin cəmi 22,5 milyon ABŞ dollarına çatıb. İstiqrazların müddəti başa çatdığı üçün investorların yatırdığı 100 milyon ABŞ dolları da tam şəkildə geri qaytarılıb.

İstiqrazların illik faiz dərəcəsi 4,5 faiz olub. Faizlər hər üç aydan bir ödənilib.

İlkin abunə yazılışı zamanı bu istiqrazlara 380 milyon 413 min ABŞ dolları məbləğində tələb olub (buraxılış məbləğinin təxminən 3,8 misli).

Qeyd olunan istiqrazların təkrar bazarda alqı-satqının dəyəri 85,4 milyon ABŞ dolları təşkil edib, ümumilikdə isə 2 025 əqd bağlanıb. Eyni zamanda, bu istiqrazlar üzrə 1 milyon 900 min ABŞ dolları həcmində 24 repo əqdi həyata keçirilib.

SOCAR İstiqrazları Azərbaycanın korporativ istiqraz bazarında 25 % paya malikdir. SOCAR 2016, 2021 və 2025-ci illərdə ümumilikdə 400 milyon ABŞ dolları məbləğində üç istiqraz buraxılışı həyata keçirib.

10 ildən artıqdır ki, daxili kapital bazarlarının inkişafına töhfə verən və investorlar tərəfindən böyük maraqla qarşılanan SOCAR İstiqrazlarının təkrar bazar dövriyyəsi 360 milyon ABŞ dollarına çatıb. Ümumilikdə isə 6 000-dən çox əqd qeydə alınıb.

Son ödənişlə birlikdə SOCAR İstiqrazlarının bütün buraxılışları üzrə investorlara ümumilikdə 65,5 milyon ABŞ dolları faiz ödənilib.

"Yaşıl" SOCAR İstiqrazları isə 2030-cu ilədək tədavüldə qalır. Bu istiqrazları 1 və 5 saylı "ASAN xidmət" mərkəzlərindən, həmçinin Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə əldə etmək mümkündür.

44 filmi