Vəli Qasımov: "İstedadlı uşaqların inkişafındakı durğunluğun qarşısı alınmalıdır"
- 02 noyabr, 2026
- 16:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda uşaq futbolunun inkişafı üçün istedadlı uşaqların inkişafındakı durğunluğun qarşısı alınmalıdır.
Bunu "Report"a açıqlamasında "Şamaxı" akademiyasının rəhbəri Vəli Qasımov deyib.
Mütəxəssis AFFA-nın texniki direktoru Edmond Klaus və digər klubların akademiya rəhbərləri ilə keçirilən görüş barədə fikirlərini bölüşüb:
"İclasda uşaq futbolunun gələcəyi, mövcud problemlər və onların həlli yolları barədə geniş fikir mübadiləsi apardıq. Hələlik konkret qərar qəbul olunmasa da, belə görüşlər inkişaf baxımından vacibdir. Edmond Klaus Avropa təcrübəsini Azərbaycanda tətbiq etmək istəyir. Onun öz strategiyası və görmək istədiyi işlər var".
O, akademiyalardakı əsas çətinliklərə diqqət çəkib:
"Bütün klublarda ideal akademik şərait, uşaqların yaşayışı, qidalanması və meydançalar istənilən səviyyədə deyil. Çempionatların keçirildiyi bəzi meydançalar tələblərə tam cavab vermir. Mövcud imkanlarla çalışırıq, çatışmazlıqları isə zamanla aradan qaldırmaq lazımdır".
Akademiya rəhbəri istedadlı uşaqların inkişafının vacibliyini vurğulayıb:
"Ölkədə istedadlı uşaqlar çoxdur, lakin müəyyən yaşa çatdıqdan sonra onların inkişafında durğunluq yaranır. Bunun qarşısını almaq üçün gənc futbolçulara diqqəti artırmalı və fərdi məşqlərə üstünlük verməliyik".