Nurullah Bakır: "Türk dövlətləri arasında bank əməkdaşlığı genişlənə bilər"

Maliyyə
  • 24 noyabr, 2026
  • 10:14
Nurullah Bakır: Türk dövlətləri arasında bank əməkdaşlığı genişlənə bilər

Türk dövlətləri arasında bank əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar var.

"Report" xəbər verir ki, bunu Türkiyə Banklar Birliyinin İcraçı direktoru Nurullah Bakır Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq sisteminin inkişafı ölkələr arasında əməkdaşlığı da zəruri edir: "Türk dövlətləri arasında mövcud olan güclü əlaqələr maliyyə və bankçılıq sahəsində mühüm imkanlar yaradır. Türk Dövlətləri Bank Birlikləri Şurası çərçivəsində həyata keçirilən fəaliyyət bank birlikləri arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, ortaq layihələrin hazırlanması və institusional potensialın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. İnanırıq ki, bu əməkdaşlıq ölkələrimiz arasında ticarətin, investisiyaların və iqtisadi əlaqələrin inkişafına da töhfə verəcək".

N.Bakır əlavə edib ki, bankçılıq sektorunun gələcəyi etibarı qoruyan, texnoloji inkişaflardan səmərəli istifadə edən və dayanıqlı iqtisadi artımı dəstəkləyən maliyyə strukturunu qurmaqdan asılıdır: "Hesab edirik ki, bu üç istiqamət bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayan prioritetlərdir. Texnoloji transformasiya etibar, maliyyə artımı isə dayanıqlılıqla birlikdə nəzərdən keçirilməlidir".

O vurğulayıb ki, bankçılıq sektorunun əsasını təşkil edən amil etibardır: "Əmanətlərin qorunması, maliyyələşməyə çıxışın təmin edilməsi və iqtisadi fəaliyyətin davamlılığı güclü və sabit maliyyə sisteminin mövcudluğundan asılıdır. Qlobal iqtisadiyyatda artan qeyri-müəyyənliklər, geosiyasi risklər və maliyyə bazarlarındakı dalğalanmalar bank sektorunun dayanıqlılığını daha da vacib edir. Belə bir şəraitdə bankların güclü kapital strukturunu qoruması, risklərini səmərəli idarə etməsi və dəyişən şərtlərə çevik uyğunlaşması zəruridir".

İcarçı direktorunun fikrincə, etibarlı bankçılıq yalnız maliyyə göstəriciləri ilə məhdudlaşmır: "Şəffaflıq, hesabatlılıq, səmərəli korporativ idarəetmə və müştəri etibarının qorunması da bu sistemin ayrılmaz tərkib hissələridir. Buna görə də bank sektorunun gələcəyi maliyyə sabitliyini qorumaqla yanaşı, yeniliklərə açıq və dəyişikliklərə uyğunlaşa bilən qurumların inkişaf etdirilməsindən asılıdır".

Onun sözlərinə görə, texnoloji inkişaflar bankçılıq sektorunun fəaliyyət prinsiplərini köklü şəkildə dəyişdirir: "Süni intellekt, açıq bankçılıq, rəqəmsal kimlik və yeni nəsil ödəniş sistemləri maliyyə xidmətlərinin göstərilməsində yeni imkanlar yaradır. Süni intellekt tətbiqləri kreditlərin qiymətləndirilməsi, dələduzluğun qarşısının alınması, müştəri xidmətləri və risklərin idarə olunması kimi bir çox sahədə məhsuldarlığı artırır. Açıq maliyyə tətbiqləri və məlumat mübadiləsi isə maliyyə xidmətlərini daha əlçatan və fərdiləşdirilmiş edir. Lakin rəqəmsallaşmanın yaratdığı imkanlarla yanaşı, yeni risklər də meydana çıxır. Kiberhücumlar, məlumat təhlükəsizliyi, rəqəmsal dələduzluq və əməliyyatlarda fasilələr bankların prioritet gündəm məsələləri sırasındadır. Bu səbəbdən rəqəmsal transformasiyanı yalnız texnologiyaya yatırılan investisiyalar əsasında qiymətləndirmək düzgün olmazdı. Texnoloji yeniliklərin təhlükəsiz, şəffaf və məsuliyyətli şəkildə tətbiqi, güclü kibertəhlükəsizlik infrastrukturunun yaradılması və səmərəli tənzimləyici çərçivələrlə dəstəklənməsi böyük əhəmiyyət daşıyır. Bankçılıq sektorunda uğur yalnız texnologiyadan istifadə potensialı ilə deyil, həm də həmin texnologiyaların yarada biləcəyi riskləri idarə etmək bacarığı ilə ölçüləcək".

Bundan başqa, o məlumat verib ki, hazırda Türkiyənin bank sektoru güclü balans strukturu ilə sabit mənzərə nümayiş etdirir: "Sektorun aktivlərinin həcmi 1,2 trilyon ABŞ dollarına yaxınlaşır. Kreditlər isə əsasən istehsalın, investisiyaların, məşğulluğun və ixracın maliyyələşdirilməsini dəstəkləyir. Bu güclü maliyyə strukturu rəqəmsal transformasiya ilə daha da möhkəmlənir. Təkrarsızlaşdırılmamış rəqəmsal bankçılıq üzrə aktiv müştərilərin sayı 131 milyon nəfərə çatıb. Mobil və internet bankçılıq vasitəsilə həyata keçirilən köçürmə əməliyyatlarının ümumi həcminin ÜDM-ə nisbəti 66 % təşkil edir. FAST və ani ödəniş sistemlərində gündəlik əməliyyatların həcmi 2026-cı ildə orta hesabla 4 milyard dolları ötüb. Açıq bankçılıq və API texnologiyalarından istifadə də sürətlə artır".