Azərbaycanda bank sektoronun aktivləri bu il 14 %-dən çox artıb
- 24 noyabr, 2026
- 09:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bank sektorunun aktivləri 14 %-dən çox artaraq 65 milyard manatı ötüb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, o cümlədən 10 ayda bankların kredit portfeli 14 % artaraq 34 milyard manatı üstələyib: "İlin əvvəlindən bankların biznes kreditləri portfeli 17 % artaraq 19 milyard manata yaxınlaşıb. Əhalinin əmanətləri isə 15 %-ə yaxın artaraq tarixi rekorda – 18,7 milyard manata çatıb. Son illərdə bank sektoru üzrə unikal əmanətçi sayında da artım müşahidə olunur. 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçi sayı 2,2 dəfə artaraq 235 min nəfəri üstələyib. Əhalinin əmanətlərindəki dedollarlaşma trendləri də davam edir".
Ə.Məmmədyarov qeyd edib ki, Azərbaycanın bank sisteminin dayanıqlıq göstəriciləri də yüksək olaraq qalır: "Belə ki, sektorun məcmu kapitalı 7 milyard manat təşkil edir. Bank sisteminin əsas göstəricisi olan kapitalın adekvatlıq əmsalı 17 %-dən çoxdur. Bu da tənzimləyici tələblərimizi əhəmiyyətli dərəcədə üstələyir və gələcək texnoloji transformasiya üçün möhkəm təməl formalaşdırır. Bununla belə, ötən illərin qlobal böhranlarının tarixi bizə öyrədir ki, məhz sabitliyin zirvəsində bank sektorunun qarşısında duran yeni çağırışları obyektiv dəyərləndirmək vacibdir. Biz 2027-ci ilə yeni texnoloji reallıqlarda daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi maliyyə bazarlarında oyun qaydalarını köklü şəkildə dəyişdirir".
O əlavə edib ki, bu isə kapital tələbləri kimi klassik risk azaltma tədbirləri ilə yanaşı, texnoloji və kiber risklərə yönəlik nəzarət mexanizmlərinin daha sürətli tətbiqini şərtləndirir: "Məhz bütün bunlar hazırda tənzimləyici qurumların qarşısında iki sistemli çağırış formalaşdırır. Birinci çağırış risklərin təbiətinin mürəkkəbləşməsi: belə ki, ənənəvi maliyyə risklərinə yüksək əməliyyat, texnoloji və hətta iqlim riskləri əlavə olunur. İkincisi, sosial mühitdə məlumatların sızma riskləri ilə bağlıdır".