Azərbaycan QDTİB ilə yeni böyük maliyyələşmə portfeli olan layihələri müzakirə edir
- 02 iyul, 2026
- 10:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə yeni böyük maliyyələşmə portfeli olan layihələr müzakirə olunur.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı" çərçivəsində keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, QDTİB Azərbaycanın aktiv tərəfdaşlarından biridir: "İndiyədək bank Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsində təqribən 500 milyon avroyadək iştirak edib. Bu gün müzakirə olunan layihələrin sayı daha çoxdur və həmin layihələrin maliyyə portfeli də daha genişdir. Buna görə də bugünkü iclası xüsusi bir fürsət hesab edirik. Düşünürük ki, həm özəl sektorun nümayəndələri, həm də dövlət şirkətlərimiz üçün yeni maliyyələşmə imkanları açılacaq və bu imkanlar çərçivəsində yeni layihələr, yeni imkanlar müzakirə olunacaq".
Nazir vurğulayıb ki, dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün nəqliyyat bağlantılarının inkişafı ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, güclü özəl sektorun formalaşdırılması, rəqabətqabiliyyətli şirkətlərin inkişafı və regional, eləcə də qlobal dəyər zəncirlərinə inteqrasiyanın gücləndirilməsi əsas prioritetlərdəndir.
QDTİB ilə əməkdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edən Sahil Babayev, xüsusilə kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində tərəfdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Maliyyə naziri, həmçinin prioritet inkişaf istiqamətlərinin maliyyələşdirilməsində yerli maliyyə institutlarının və özəl investorların rolunu vurğulayaraq qeyd edib ki, yeni imkanların reallaşdırılması üçün hökumətlər, beynəlxalq maliyyə institutları, kommersiya bankları və biznes dairələri arasında sıx tərəfdaşlığın davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.