"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: "İlk oyundakı nəticə bizi arxayınlaşdırmamalıdır"
- 12 noyabr, 2026
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
CEV Çelenc Kubokunun ilk oyununda qazanılan qələbə kişi voleybolçulardan ibarət "Ordu" klubunu arxayınlaşdırmamalıdır.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Cavid Süleymanov Norveçin "Forde VBK" kollektivinə qarşı keçirilən matçdan sonra Azərbaycan Voleybol Federasiyasına açıqlamasında deyib.
Mütəxəssis səfərdə istədikləri nəticəni əldə etdiklərini bildirib:
"Uzun və yorucu yol qət etməyimizə baxmayaraq, hazırlıq prosesində gördüyümüz işlərin müsbət nəticə verəcəyinə inanırdıq. Sevindirici haldır ki, gözləntilərimiz doğruldu və qarşılaşmadan istədiyimiz nəticə ilə ayrıldıq. Komandamızda təcrübəli voleybolçuların olması oyunun gedişində özünü göstərdi. Müəyyənləşdirdiyimiz taktiki tapşırıqları yüksək səviyyədə yerinə yetirdik və təcrübəmiz həlledici məqamlarda mühüm rol oynadı. "Forde VBK" gənc kollektiv olsa da, avrokuboklarda zəif rəqibin olmadığını yaxşı bilirik. Rəqib komanda da layiqli mübarizə apardı və bizə ciddi müqavimət göstərdi".
O, cavab görüşünə də ciddi hazırlaşacaqlarını söyləyib:
"Əldə etdiyimiz qələbə, şübhəsiz ki, sevindiricidir. Lakin bu nəticə bizi arxayınlaşdırmamalıdır. Bakıya qayıtdıqdan sonra komandaya birgünlük istirahət veriləcək, daha sonra məşqləri bərpa edərək cavab qarşılaşmasına hazırlığa başlayacağıq. Növbəti oyuna da eyni məsuliyyətlə yanaşacaq və uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, CEV Çelenc Kubokunda ilk oyununa çıxan "Ordu" Norveçin "Forde VBK" komandasını 3:0 hesabı ilə məğlub edib.