Azərbaycanda minimum əməkhaqqının müntəzəm nəzərdən keçirilməsi üçün işçi qrupu fəaliyyətə başlayıb

İqtisadiyyat
  • 11 noyabr, 2026
  • 11:58
Azərbaycanda minimum əməkhaqqının müntəzəm nəzərdən keçirilməsi üçün işçi qrupu fəaliyyətə başlayıb

Azərbaycanda minimum əməkhaqqının ildə ən azı bir dəfə yenidən nəzərdən keçirilməsi məqsədilə xüsusi işçi qrupu formalaşdırılıb.

"Report" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "2027-ci il dövlət büdcəsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, son dövrdə Əmək Məcəlləsinə edilən dəyişikliklərdən biri minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq yenidən baxılması mexanizminin həyata keçirilməsidir: "Bu mexanizmin reallaşdırılması ilə bağlı artıq Nazirlər Kabineti yanında işçi qrupu təşkil edilib. Həmin qrupda müvafiq dövlət qurumlarının rəhbərləri və rəhbər müavinləri, həmçinin sosial tərəfdaşların nümayəndələri təmsil olunurlar. Şübhəsiz ki, işçi qrupu tərəfindən məsələ araşdırılarkən həm "Yaşayış minimumu haqqında" qanunda minimum əməkhaqqı ilə əlaqədar nəzərdə tutulmuş meyarlar diqqətə alınacaq, həm də hər bir tərəfin idarə etdiyi və siyasətini icra etdiyi qurum və təşkilatların spesifikası əsas kimi qəbul ediləcək. Beləliklə, minimum əməkhaqqının həm saatlıq həcminin, həm də ümumi məbləğinin müəyyənləşdirilməsi təmin olunacaq".