Şirvan suvarma kanalının yenidən qurulması çərçivəsində görülən işlər açıqlanıb
- 28 oktyabr, 2026
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Şirvan suvarma kanalının yenidən qurulması layihəsi çərçivəsində I mərhələ üzrə tikinti-quraşdırma işləri 83 %, II mərhələ üzrə 56 %, III mərhələ üzrə 49 %, IV mərhələ üzrə isə 60 % icra olunub.
"Report"un Şirvana ezam olunmuş əməkdaşı xəbər verir ki, layihənin əsas məqsədi Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu, Zərdab, İsmayıllı, Şamaxı və Hacıqabul rayonlarında yerləşən əkinə yararlı torpaq sahələrinin su təminatının yaxşılaşdırılmasıdır.
Şirvan suvarma kanalının yenidən qurulması layihəsi çərçivəsində tikinti işləri 4 mərhələ üzrə davam etdirilir. Layihə çərçivəsində inşası nəzərdə tutulan 171 ədəd müxtəlif təyinatlı hidrotexniki qurğudan 110-da tamamlama işləri aparılır. Ümumilikdə, 204 km uzunluğunda olacaq kanalın 134 km hissəsində qazıntı işləri görülüb, 113 km hissəsi beton üzlüyə alınıb.
Layihə çərçivəsində yeni suvarma sistemlərinin yaradılması hesabına 105 950 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması nəzərdə tutulur. Ümumi uzunluğu 204 kilometr (km) olan yeni Şirvan suvarma kanalının 163,3 km hissəsinin dəmir-beton üzlüklə, ötürmə xəttinin 18 kmhissəsinin monolit beton üzlüklə, 23 km hissəsinin isə torpaq kanal olaraq inşası nəzərdə tutulur. Kanalın maksimal sugötürmə qabiliyyəti saniyədə 180 kubmetr təşkil edəcək. Kanal boyunca müvafiq hidrotexniki qurğuların da tikintisi həyata keçirilir.
Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.