Nino Dvalişvili: "Orta Dəhliz ölkələrində "yaşıl layihə"lər qarşılıqlı tanınmalıdır"

İnfrastruktur
  • 24 noyabr, 2026
  • 17:49
Nino Dvalişvili: Orta Dəhliz ölkələrində yaşıl layihələr qarşılıqlı tanınmalıdır

Orta Dəhliz marşrutu üzərində yerləşən ölkələrdə "yaşıl layihə"lər qarşılıqlı tanınmalıdır.

"Report" xəbər verir ki, bunu Gürcüstan Banklar Assosiasiyasının ESG və davamlı maliyyə üzrə rəhbəri Nino Dvalişvili Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumu çərçivəsində panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan Orta Dəhliz boyunca enerji, kənd təsərrüfatı, ticarət və dayanıqlı infrastruktur sahələrində oxşar imkanlara malikdir: "Dayanıqlı maliyyə çərçivələrinin daha sıx uyğunlaşdırılması, həmçinin banklarla beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsi investisiyaların cəlb olunmasına kömək edə bilər. Məsələn, ölkəmizdə həyata keçirilən "yaşıl layihə" Gürcüstanın dayanıqlı maliyyə taksonomiyasına uyğun hesab edilirsə, həmin layihə Azərbaycanda və Orta Dəhliz boyunca yerləşən digər ölkələrdə də "yaşıl layihə" kimi tanınır. Bu, regionun bank və investorlarına dayanıqlı layihələri müəyyənləşdirməyi və maliyyələşdirməyi asanlaşdırar, eyni zamanda transsərhəd investisiyalar üçün daha geniş imkanlar yaradar. Regional uyğunlaşmanın əhəmiyyəti də məhz bundadır. Bu, təkcə tənzimləyici əməkdaşlığın gücləndirilməsinə deyil, həm də dayanıqlı maliyyənin real investisiyalara çevrilməsinə xidmət edir".

N.Dvalişvili qeyd edib ki, Gürcüstan Banklar Assosiasiyası bu istiqamətdə fəal çalışır: "Ötən ay GFTN Sammiti çərçivəsində "yaşıl maliyyə" axınlarının və "yaşıl kreditləşmə"nin genişləndirilməsi zamanı banklarımızın qarşılaşdığı praktiki çətinlikləri müzakirə etmək məqsədilə kommersiya banklarını, tənzimləyici qurumları, beynəlxalq maliyyə institutlarını və regional tərəfdaşlarımızı bir araya gətirdik. Bundan əlavə, banklara potensial "yaşıl investisiyalar"ı daha asan müəyyənləşdirmək və qiymətləndirmək imkanı verəcək praktiki rəqəmsal alətlərin yaradılması məqsədilə donor təşkilatları və beynəlxalq maliyyə institutları ilə tərəfdaşlıq imkanlarını araşdırdıq".