İcraçı direktor: "Yaxın gələcəkdə süni intellekt mühəndisləri xüsusi prioritet daşıyacaq"

İnfrastruktur
  • 18 noyabr, 2026
  • 13:12
İcraçı direktor: Yaxın gələcəkdə süni intellekt mühəndisləri xüsusi prioritet daşıyacaq

Data və süni intellekt mühəndisləri yaxın gələcəkdə xüsusi prioritet daşıyacaq.

"Report" xəbər verir ki, bunu "AZCON Holding"in icraçı direktoru Şahin Babayev "Peşə Təhsili Forumu 2026"da deyib.

O bildirib ki, rəqəmsallaşma gündən-günə bütün dünyada inkişaf edir: "Süni intellekt həlləri günbəgün artır. Bu səbəbdən kiberhücumlar da son dövrlərdə xüsusi çəki saxlamaqda davam edir. Ona görə də biz holdinq olaraq data mühəndislərinin və İT mühəndislərinin, daha sonra süni intellekt mühəndislərinin çox da uzun olmayan yaxın gələcəkdə xüsusi prioritet daşıyacağını gözləyirik".

Ş. Babayev qeyd edib ki, "AZCON Holding" digər ölkələrin holdinqləri ilə də mütəmadi görüşlər təşkil edir: "Sinqapurda PSA limanına səfər etdikdə, oranın çox böyük bir liman olmağına və ildə təqribən 50-60 milyondan çox konteynerlərin daşınmasına baxmayaraq, orada insanlar bu proseslərə cəlb olunmur və bütün proseslər avtomatlaşdırılıb. Hətta orada liman prosesində kifayət qədər texniki məsələlər də var ki, onların da belə avtomatlaşdırılması mümkün olub. Holdinq biznesindən və digər holdinqlərdə görüşlərimizdə gördüyümüz odur ki, əsasən İT, kibertəhlükəsizlik, data mühəndisləri bu tip rəqəmsallaşmaya daha çox xidmət edən sahələrin daha da çox prioritet təşkil edəcəyini gözləyirik".

Onun sözlərinə görə, "AZCON Holdinq" İT mütəxəssislərinin hazırlanması üçün təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir: "Azərbaycan Dəmir Yolları" QSC və "Bakı Metropoliteni" QSC ali təhsil və peşə təhsili müəssisələri ilə sıx əməkdaşlıq edir. Hər il təxminən 600 tələbə peşə təhsili müəssisələrindən dəmir yollarında təcrübə proseslərinə cəlb olunurlar. Üstəlik, ali təhsil müəssisələri ilə əməkdaşlıq baxımından bu yaxınlarda bizim bu sahə üzrə iki layihə var".