Assosiasiya: Müasir şəhərlər artıq yalnız tikinti ilə deyil, dayanıqlılığı ilə qiymətləndirilir
- 22 may, 2026
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Müasir şəhərlər artıq yalnız tikinti ilə deyil, dayanıqlılığı ilə qiymətləndirilir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin üzvü Rüfət Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, müasir dünyada şəhərlər sənaye və innovasiyanın əsas mərkəzlərinə çevrilib: "Lakin urbanizasiyanın sürətlənməsi ilə yanaşı enerji istehlakı, resurslardan səmərəli istifadə, təhlükəsizlik və ekoloji dayanıqlıq kimi məsələlər də qlobal çağırışlara çevrilməkdədir.
Bu gün müasir şəhərlər artıq yalnız tikilən binaların sayı ilə deyil, eyni zamanda onların nə dərəcədə dayanıqlı, təhlükəsiz və uzunömürlü olması ilə qiymətləndirilir. Bu baxımdan texnoloji tətbiqlər, innovativ yanaşmalar və davamlı inkişaf prinsipləri xüsusi əhəmiyyət daşıyır.
Burada özəl sektorun rolu xüsusilə diqqət çəkir. Çünki dayanıqlı şəhərlərin formalaşması istifadə olunan keyfiyyətli materiallardan, tətbiq edilən texnologiyalardan və istehsalat proseslərinə yanaşmadan birbaşa asılıdır. Müasir texnologiyaların düzgün tətbiqi həm şəhərlərin uzunömürlü olmasına, həm də daha təhlükəsiz və ekoloji baxımdan dayanıqlı mühitin formalaşmasına imkan yaradır", - deyə o qeyd edib.