Şahin Əliyev: "Azərbaycanda süni intellektin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur"

İKT
  • 12 noyabr, 2026
  • 10:10
Şahin Əliyev: Azərbaycanda süni intellektin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur

Azərbaycanda dövlət qurumlarında, eləcə də özəl sektorda süni intellektin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Şahin Əliyev qurumun jurnalistlər üçün təşkil etdiyi "Media üçün rəqəmsal səriştələr" adlı maarifləndirici tədbirdə bildirib.

"Burada təbii ki, infrastrukturun da təkmilləşdirilməsi, daha da inkişaf etdirilməsi əsas istiqamətlərdən biridir. Bununla bağlı olaraq artıq hökumət buludunda müvafiq infrastruktur yaradılıb və növbəti dövrlərdə bu infrastrukturun daha da genişləndirilməsi planlaşdırılır", - deyə o qeyd edib.

Ş.Əliyevin sözlərinə görə, növbəti istiqamət innovasiya ekosisteminin inkişaf etdirilməsidir: "Burada artıq həm startaplara, həm özəl İT şirkətlərinə innovativ xidmətlərin, məhsulların yaradılması üçün dəstək mexanizmlərinin hazırlanması və işə salınması nəzərdə tutulur. Bildiyiniz kimi, artıq ölkəmizdə texnopark rezidentləri üçün 10 illik güzəştlər tətbiq olunur və Azərbaycan bu gün İT sahəsində fəaliyyət göstərmək üçün tək Azərbaycan şirkətləri üçün yox, bütün region ölkələri, xarici şirkətlər üçün də münbit bir mühiti təmin edir".