Azərbaycanda Süni İntellekt üzrə İqtisadi Observatoriya yaradılır

İKT
  • 27 oktyabr, 2026
  • 17:00
Azərbaycanda Süni İntellekt üzrə İqtisadi Observatoriya yaradılır

Azərbaycanda iqtisadi rəqabətliliyin artırılması üzrə Süni İntellekt Rəsədxanası yaradılır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ADA Universitetində İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji tərəfdaşlığı ilə yaradılan İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışında bildirib.

"Bu gün İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair Çərçivə Əməkdaşlıq Sazişi imzalanır. Rəsədxana biliklərin yaradılması və Azərbaycanın iqtisadi inkişafına dair dialoqun dəstəklənməsi məqsədilə akademik dairələri, dövlət qurumlarını, biznes nümayəndələrini bir araya gətirəcək. Onun fəaliyyəti iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlıq və rəqabətliliyin artırılması, beynəlxalq müqayisələr üzrə tətbiqi tədqiqatlara yönələcək. Bu tədqiqatlar qlobal təcrübənin öyrənilməsinə və əldə olunan nəticələrin praktiki siyasət tövsiyələrinə çevrilməsinə xidmət edəcək. İnanırıq ki, Süni İntellekt Mərkəzi insan kapitalının inkişafına, Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsinə və innovasiya potensialının artırılmasına töhfə verəcək. Məqsəd beynəlxalq bilik və təcrübəni ölkənin iqtisadi prioritetləri ilə əlaqələndirmək, insan kapitalına yatırılan investisiyaları yüksək məhsuldarlığa və real iqtisadi nəticələrə çevirməkdir", - deyə o qeyd edib.