Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
- 08 noyabr, 2026
- 15:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.
Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.
Andiçmə mərasiminin 8 Noyabr - Zəfər Gününə təsadüf etməsinin şəxsi heyət üçün xüsusilə dəyərli və yaddaqalan olması, bu günün şəxsi heyət üçün ikiqat bayram olması vurğulanıb.
Çıxış edən gənc əsgərlərin valideynləri övladlarının Vətən qarşısında şərəflə xidmət etmələrindən qürur duyduqlarını və yaradılan şəraitə görə dövlət başçısına, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra hərbi qulluqçular təntənəli marşlarla tribunaların önündən keçiblər.
Sonda şəxsi heyət üçün andiçmə mərasimi və 8 Noyabr - Zəfər Günü ilə əlaqədar konsert proqramları təşkil edilib.