Tərlan Əhmədov: "U-15 dünya çempionatı futbolumuzun inkişafı üçün böyük təcrübə oldu"

Futbol
  • 31 oktyabr, 2026
  • 15:56
Tərlan Əhmədov: U-15 dünya çempionatı futbolumuzun inkişafı üçün böyük təcrübə oldu

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı Azərbaycan futbolunun inkişafına və gənc oyunçuların təcrübə qazanmasına böyük təkan olub.

Bunu "Report"a açıqlamasında futbol mütəxəssisi Tərlan Əhmədov deyib.

O, turnirin yüksək səviyyədə keçirildiyini bildirib:

"Dünyanın 189 ölkəsindən komandaların qatıldığı bu yarış dövlətimizin idmana göstərdiyi qayğının və beynəlxalq aləmdəki nüfuzunun bariz nümunəsidir. AFFA tərəfindən yaradılan infrastruktur, stadionlar və qonaqlar üçün təşkil olunan şərait yüksək səviyyədə idi. FIFA prezidenti Canni İnfantino, Arsen Venger, Xristo Stoiçkov və Pyerluici Kollina kimi dünya futbolunun tanınmış simalarının Bakıya gəlməsi yarışa olan böyük marağın göstəricisidir".

T.Əhmədov Azərbaycan millisinin çıxışını və gələcək perspektivini qiymətləndirib:

"Millimiz yüksək nəticə göstərməsə də, uşaqların ilk dəfə belə beynəlxalq turnirdə mübarizə aparması böyük təcrübədir. Heyətdə gələcəkdə yüksək səviyyəli futbolçu kimi yetişmək potensialı olan bir neçə seçilən uşaq var. 15 yaş keçid dövrü sayılır və bu yaş qrupundakı idmançıların üzərində düzgün iş aparılarsa, gələcəkdə keyfiyyətli kadrlar qazanacağıq. Gələn il ölkəmizdə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatı ərəfəsində bu turnir həm AFFA, həm də komandalarımız üçün faydalı sınaq oldu".

Qeyd edək ki, Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalını 84-cü pillədə başa vurub.