Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb
- 23 noyabr, 2026
- 18:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb.
Bu barədə "Report"a Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) məlumat verilib.
Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) və ASTF-nın təşkil etdiyi yarışda paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların 100-dən artıq idmançısı bacarığını göstərir.
Açılış mərasimində idmançıları salamlayan ASTF-nin vitse-prezidenti Elmar İslam onlara uğurlar arzulayıb. Ölkə kubokunun əhəmiyyətindən söz açan federasiya rəsmisi beynəlxalq arenaya gedən yolun bu cür yarışlardan keçdiyini vurğulayıb.
Bundan başqa, Fransada keçirilən "Euro Mini Champs"da qızıl medal qazanan Mehin Mirzəbalayevaya sözügedən yarışın mükafatları təqdim olunub.
Qeyd edək ki, "Şüa İdman Sağlamlıq Kompleksi"ndə keçirilən ölkə kuboku turnirində U-14 və U-18 yaş qrupları üzrə qaliblər məlum olacaq. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq. Fərqlənən idmançılara AGİN-in diplom və medalları, ASTF-nin mükafatları təqdim olunacaq.