Gələn il Heydər Əliyev adına NEZ-in yenidənqurulmasına ayrılan vəsaitin həcmi açıqlanıb
- 06 noyabr, 2026
- 17:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Gələn il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidənqurulması layihəsinə dövlət büdcəsinin əsaslı xərclərindən 434 milyon manat vəsait xərclənəcək.
"Report" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Bu, 2026-cı il üçün nəzərdə tutulan maliyyələşdirmə ilə müqayisədə 16 milyon manat, yəni 3,5 % az təşkil edir. 2025-ci il üçün ayrılmış vəsaitlə müqayisədə isə fərq 27,5 milyon manat, yəni 5,9 % azalma istiqamətindədir.
Qeyd edək ki, Heydər Əliyev adına NEZ 1953-cü il iyulun 29-da SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən yaradılıb. Müəssisə əvvəlki dövrlərdə Yeni Bakı neftayırma zavodu, "Azərneftyanacaq" İstehsalat Birliyi və "Azərneftyanacaq" NEZ kimi tanınıb. 2004-cü ilin aprelin 22-dən etibarən isə zavodun adı ümummilli lider Heydər Əliyevin şərəfinə dəyişdirilib.
NEZ Azərbaycan neftinin 24 çeşidindən 21-ni emal edərək 15 növ məhsul buraxılışını həyata keçirir. İstehsal olunan məhsullar arasında benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və mazut yer alır. NEZ ölkənin daxili yanacaq tələbatının əhəmiyyətli hissəsini ödəyir. Hazırda zavodda genişmiqyaslı yenidənqurma və modernləşdirmə işləri davam etdirilir.