Azərbaycan Qazaxıstanla neft-qaz sahəsində birgə investisiya layihələrinin icrasını müzakirə edib
- 28 may, 2025
- 16:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Astanada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətinin İdarə Heyətinin (İH) sədri Asxat Xasenovun görüşü keçirilib.
“Report”un Qazaxıstan bürosu KMG-yə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
"Tərəflər əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə edib və Qazaxıstan neftinin Aktau-Bakı-Ceyhan (BTC) marşrutu ilə nəqlinin uğurla inkişaf etdiyini təsdiqləyiblər. Bu ilin yanvar-aprel aylarında neft yükləmələrinin ümumi həcmi 489 min ton təşkil edib. Cari il üçün plan 1,7 milyon tondur", - məlumatda qeyd edilib.
Bu ilin yanvarından etibarən “Tengiz” neftinə əlavə olaraq, Aktau limanı vasitəsilə “Kaşağan” neftinin BTC boru kəməri sistemi ilə Aralıq dənizinə qədər sınaq yükləmələrinə başlanılıb. İxracatçı "KMG Kaşağan B.V" şirkətidir.
Bundan əlavə, görüşdə tərəflər daha əvvəl əldə edilmiş razılaşmalar çərçivəsində investisiyaların cəlb edilməsi, istehsalın rəqəmsallaşdırılması, təcrübə və texnologiyaların mübadiləsi məsələlərini müzakirə ediblər. Qarşılıqlı faydalı şərtlərlə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanı nəzərdən keçirilib.
“KazMunayQaz” həmçinin SOCAR-a iki ölkənin dövlət orqanları tərəfindən aparılan işlər çərçivəsində Xəzər dənizinin su ehtiyatlarının ekoloji tədqiqatının aparılması üçün səyləri birləşdirməyi təklif edir.
"Görüşün yekununda tərəflər əməkdaşlığın bütün əsas istiqamətləri üzrə işləri aktivləşdirməyə hazır olduqlarını bildiriblər", - məlumatda vurğulanıb.