Azərbaycan Mali və Tayvana aviasiya yanacağı ixrac etməyə başlayıb

Energetika
  • 22 yanvar, 2024
  • 07:08
Azərbaycan Mali və Tayvana aviasiya yanacağı ixrac etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 97,77 milyon ABŞ dolları dəyərində 98 min 117 ton aviasiya yanacağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq - 10 % azdır.

Hesabat dövründə Azərbaycan Lüksemburqa 31,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 52 % azdır) 35 min 683 ton (-43 %), Rusiyaya 15,7 milyon ABŞ dolları dəyərində (+9,4 %) 12 min 548 ton (+7,3 %), Gürcüstana 13,51 milyon ABŞ dolları dəyərində (+6,6 dəfə) 18 min 54 ton (+7 dəfə), Türkiyəyə 13,1 milyon ABŞ dolları dəyərində (+10 %) 12 min 730 ton (+28 %), Birləşmiş Ərəb Əmirliklərinə 4,6 milyon ABŞ dolları dəyərində (-31 %) 3 min 671 ton (-33 %) yanacaq satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Mali (29,3 min ABŞ dolları dəyərində 22,51 ton) və Tayvana (49,33 min ABŞ dolları dəyərində 39,47 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan xaricə (74 ölkəyə) göndərilmiş 126 min ton aviasiya yanacağının 58 %-i Lüksemburqun payına düşüb.