Zelenski: Avropa Rusiya və Ukrayna arasındakı danışıqların daimi iştirakçısı olmalıdır
- 12 noyabr, 2026
- 16:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Əbu-Dabidə başlayan Rusiya-Ukrayna danışıqlarının daimi iştirakçısı olmalıdır.
"Report"un Dublinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin 9-cu Sammitinin açılış plenar sessiyasında bildirib.
"Avropalıların indi bu danışıqlarda iştirak etməsi çox yaxşıdır. Hələlik birbaşa və ruslarla eyni masa arxasında deyil. Lakin avropalılar artıq prosesə cəlb olunublar və biz Avropanın bu danışıqların daimi iştirakçısı olmasına nail olmalıyıq", - Zelenski qeyd edib.
Onun sözlərinə görə, ötən gün Ukrayna nümayəndələri Əbu-Dabidə Rusiya və ABŞ nümayəndə heyətləri ilə görüşüblər. Bu gün ABŞ nümayəndələri Moskvadadırlar, axşam isə Dublinə gələcəklər və burada Ukrayna tərəfi ilə son bir neçə günün danışıqlarının nəticələrini müzakirə edəcəklər.
V.Zelenski əlavə edib ki, danışıqlar ciddi və məzmunlu olub.
O, həmçinin bildirib ki, bu görüş zamanı hərbi əsirlərin mübadiləsi barədə razılıq əldə olunub.
"Bizim üçün öz insanlarımızı və döyüşçülərimizi Rusiya əsirliyindən qaytarmaq vacibdir", - Ukrayna Prezidenti bildirib.
Onun sözlərinə görə, danışıqlarda təhlükəsizlik zəmanətlərinə əhəmiyyətli diqqət yetirilib, onların müzakirəsində Avropanın fəal iştirak etməsi zəruridir.