Yaponiya hərbi xərcləri azaltmağı nəzərdən keçirir

Digər ölkələr
  • 13 noyabr, 2026
  • 07:43
Yaponiya hərbi xərcləri azaltmağı nəzərdən keçirir

Yaponiya büdcə məhdudiyyətləri səbəbindən növbəti beş il üçün nəzərdə tutulan hərbi xərcləri əhəmiyyətli dərəcədə azaltmağı nəzərdən keçirir. Bu, F-35 qırıcıları və raket sistemləri də daxil olmaqla, silah satınalma planlarına yenidən baxılmasına səbəb ola bilər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Yaponiya Maliyyə Nazirliyi növbəti beş il ərzində müdafiə xərcləri üçün 50-60 trilyon yen (313-376 milyard ABŞ dolları) ayrılmasını təklif edir. Bu məbləğ qüvvədə olan beşillik proqramda nəzərdə tutulan 43 trilyon yendən (269 milyard dollar) çox olsa da, Müdafiə Nazirliyi və hakim Liberal Demokrat Partiyasının nümayəndələrinin tələb etdiyi vəsaitdən təxminən 30 faiz azdır.

Ölkənin müdafiə potensialının genişləndirilməsini dəstəkləyənlər beşillik hərbi büdcənin 80 trilyon yenə (təxminən 500 milyard dollar) çatdırılmasını təklif edirlər.

Agentliyin məlumatına görə, maliyyələşmənin məhdudlaşdırılması Tokio hökumətini silah satınalma planlarına ciddi şəkildə yenidən baxmağa məcbur edə bilər. Bəzi hallarda raket sistemlərinin və F-35 qırıcıları da daxil olmaqla aviasiya texnikasının satınalma həcmi yarıbayarı azaldıla bilər.

Bundan başqa, Maliyyə Nazirliyinin təklif etdiyi maliyyələşmə səviyyəsi Yaponiyanın müdafiə xərclərini ÜDM-in 2 faizinə çatdırmaqla bağlı əvvəlki hədəfinə nail olmasına mane ola bilər.

Mənbələrin bildirdiyinə görə, büdcə məhdudiyyətləri digər genişmiqyaslı dövlət proqramlarının maliyyələşdirilməsi zərurəti ilə əlaqədardır. Belə ki, Baş nazir Sanae Takaiçi daha əvvəl iqtisadi artımı stimullaşdırmaq və ərzaq məhsullarına tətbiq olunan istehlak vergisini azaltmaq üçün tədbirlər görəcəyini vəd edib. Bu isə büdcə gəlirlərinin azalmasına səbəb ola bilər.

Müdafiə xərclərinin artırılmasını dəstəkləyən qüvvələrin Maliyyə Nazirliyinin təklifinə qarşı çıxacağı gözlənilir.

Yaponiya hökumətinin ilin sonunadək müdafiə sahəsində üç əsas sənədin, o cümlədən Milli Təhlükəsizlik Strategiyasının və müdafiə potensialının inkişafı üzrə beşillik proqramın yenilənmiş versiyalarını təsdiqləyəcəyi gözlənilir.