Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
- 28 noyabr, 2026
- 06:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən "Starshield" peyk rabitə sisteminə qoyulan məhdudiyyətlər böyük dron itkilərinə və bir neçə əməliyyatın ləğvinə səbəb olub.
"Report"un xəbərinə görə, "Kyiv Independent" (KI) bu barədə Ukraynanın iki hərbçisinə istinadən məlumat yayıb.
Ukrayna hərbçilərindən biri məhdudiyyətlərin "Fire Point" şirkətinin FP-2 də daxil olmaqla, orta mənzilli hücum dronlarının istifadəsinə əhəmiyyətli dərəcədə təsir etdiyini bildirib.
KI-nin müsahibinin sözlərinə görə, bəzi zərbə əməliyyatları zamanı dron itkiləri son dərəcə yüksək olub, digər missiyaları isə tamamilə ləğv etmək lazım gəlib.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl BBC-yə müsahibəsində ölkənin Silahlı Qüvvələri üçün "Starlink" və "Starshield" məhdudiyyətlərinin qaldığını təsdiqləyib. O, noyabrın əvvəlində ABŞ-ni və "SpaceX" şirkətlərini Ukraynanın enerji infrastrukturunun Rusiya dronlarından müdafiəsinə mane olduqlarını iddia edərək, onları ləğv etməyə çağırıb.