Sikorski: Rusiyaya qarşı sanksiyalar yayınma sxemlərinin dəyişməsi səbəbindən yenilənməlidir

Digər ölkələr
  • 16 noyabr, 2026
  • 14:08
Sikorski: Rusiyaya qarşı sanksiyalar yayınma sxemlərinin dəyişməsi səbəbindən yenilənməlidir

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarını mütəmadi olaraq yeniləmək lazımdır, çünki Rusiya neftinin ticarəti və daşınması ilə məşğul olan şirkətlər müntəzəm olaraq dəyişir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Sikorskinin sözlərinə görə, bir çox şirkətlər və fiziki şəxslər Aİ-nin sanksiya siyahılarına Polşanın təşəbbüsü ilə daxil edilib.

Nazir Avropanın karbohidrogen bazarının itirilməsini Rusiyaya qarşı əsas sanksiya zərbəsi adlandırıb.

"Hər il Avropa getdikcə daha az Rusiya nefti və qazı idxal edir. Rusiya daha az nefti daha az pula satır ki, bu da onun müharibəni maliyyələşdirmək imkanlarına təsir edir", - Sikorski qeyd edib.

Ukraynaya dəstək barədə danışan Polşa XİN başçısı vurğulayıb ki, diplomatik səylər çərçivəsində təzyiq Ukraynaya deyil, Rusiyaya göstərilməlidir.

O, həmçinin bildirib ki, Polşa öz kanalları vasitəsilə Kiyevə dəstəyini davam etdirir və Çexiyanın sursat tədarükü təşəbbüsündə iştirak edir. Polşanın PURL proqramına mümkün yeni maliyyə töhfəsi ilə bağlı qərar hələ qəbul edilməyib, lakin bu, proqramın başa çatması demək deyil.