Polşada kütləvi atışmada şübhəli bilinən şəxsin öz ailə üzvlərini də öldürdüyü ehtimal olunur
- 08 noyabr, 2026
- 14:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşanın Krakov şəhərinin mərkəzində altı nəfərin ölümü və daha 15 nəfərin yaralanması ilə nəticələnən kütləvi atışmada şübhəli bilinən şəxsin hücumdan əvvəl öz ailəsinin üç üzvünü öldürdüyü ehtimal edilir.
"Report" "BILD"ə istinadən xəbər verir ki, bu barədə Polşa prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, 24 yaşlı Mixal O. öz valideynlərini və bacısını öldürmüş ola bilər. Onların meyitləri şübhəlinin evində aşkar edilib.
Bundan sonra kişinin avtomobillə Krakovun Baş bazar meydanına gəldiyi və AR-15 yarıavtomatik tüfəngindən yoldan keçənlərə atəş açdığı ehtimal olunur.
Zərərçəkənlər arasında Almaniya, Avstriya, Portuqaliya, Rusiya və Böyük Britaniya vətəndaşları var.
Şübhəli şəxs polislə atışmadan sonra saxlanılıb. O, yaralanıb və xəstəxanadadır. Onun avtomobilində əlavə silah və sursat aşkar edilib.
İlkin məlumatlara görə, atışma barədə məlumatdan üç dəqiqə sonra cavab atəşi açan iki polisin hərəkətləri sayəsində hücum edəni dayandırmaq mümkün olub.
Polşanın daxili işlər naziri Marçin Kervinski bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının operativ hərəkətləri qurbanların sayının daha çox olmasının qarşısını almağa imkan verib.
Polşanın Baş naziri Donald Tusk "X" sosial şəbəkəsində bildirib ki, polislər Yakub Kulik və Artur Moranski, ehtimal ki, bir çox insanın həyatını xilas ediblər. Onların hər ikisi ağır vəziyyətdədir və lazımi tibbi yardım alırlar.
Polşa DİN-in məlumatına görə, şübhəli şəxs radikal ifrat sağçı baxışlara tərəfdar olub.
Hakimiyyət orqanları həmçinin onun orduda ehtimal edilən xidməti barədə xəbərləri təkzib ediblər. Qeyd olunur ki, şayiələr hücumçunun geyindiyi hərbi formaya görə yaranıb.
Cinayətin motivləri müəyyənləşdirilir.