Merts Aİ-nin növbəti büdcəsini bloklamaqla hədələyib

Digər ölkələr
  • 09 noyabr, 2026
  • 21:39
Merts Aİ-nin növbəti büdcəsini bloklamaqla hədələyib

Almaniyanın kansleri Fridrix Merts Ukraynanın maliyyələşdirilməsinə dair zəmanətlər büdcəyə daxil edilməyəcəyi təqdirdə Avropa İttifaqının (Aİ) növbəti yeddiillik büdcəsini bloklamaqla hədələyib.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri Mertsin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya ünvanladığı məktuba istinadən məlumat yayıb.

Bildirilib ki, kansler 2028–2034-cü illəri əhatə edəcək Aİ büdcəsi ilə bağlı razılaşmada 2027-ci ildə və sonrakı illərdə Ukraynaya maliyyə dəstəyinin təmin olunmasına dair zəmanətlərin yer almasını tələb edib. Ekspertlərin qiymətləndirməsinə görə, Ukrayna gələn il 70 milyard avro maliyyə çatışmazlığı ilə üzləşəcək.

"Bu məsələnin həlli və xüsusilə maliyyə nəticələri olan digər məsələlərin müzakirəsi üçün hamımızın, istisnasız olaraq, Ukraynanın maliyyə çatışmazlığının aradan qaldırılmasına ədalətli töhfə vermək barədə kollektiv öhdəliyi zəruri şərtdir", – Merts məktubunda yazıb.

Kanslerin bu tələbi Aİ liderlərinin cümə axşamı və cümə günü Dublində keçiriləcək görüşü ərəfəsində səsləndirdiyi bildirilir. Merts həmin görüşdə Ukraynanın maliyyə çatışmazlığı probleminin həllini tələb edib.

Ötən ilin dekabrında Aİ liderləri Ukraynaya 90 milyard avro kredit ayrılması barədə razılığa gəliblər. Lakin Rusiyanın qonşu ölkəyə qarşı müharibəsinin miqyası səbəbindən Kiyev gələn il əlavə 70 milyard avro maliyyə dəstəyinə ehtiyac duyduğunu açıqlayıb.

Aİ bu məbləğin üçdə ikisini, yəni təxminən 45 milyard avrosunu qarşılamağı vəd edib. Avropa Komissiyası bu öhdəliyin yerinə yetirilməsi üçün əlavə birgə borc öhdəliklərinin buraxılması da daxil olmaqla müxtəlif variantları nəzərdən keçirir. Məqsəd ilin sonunadək Aİ liderlərinin razılığa gəlməsinə nail olmaqdır.

Bununla belə, Aİ-nin dörd üzvü – Macarıstan, Slovakiya, Bolqarıstan və Çexiya Kiyevə əlavə maliyyə yardımı göstərmək niyyətində olmadıqlarını bildiriblər. Macarıstan, Slovakiya və Çexiya ötən il 90 milyard avroluq kredit üzrə faiz ödənişlərində iştirakdan azad olunmağa nail olublar.

Merts məktubunda vurğulayıb ki, 2028-ci ildən başlayaraq Ukraynanın maliyyələşdirilməsi, o cümlədən ölkə ilə bağlı ödənilməmiş borclar üzrə faizlərin qarşılanması üçün bütün üzv dövlətlərin dəstəklədiyi və uzunmüddətli maliyyə perspektivini təmin edən həll yolu tapılmalıdır.