Litvada naməlum obyektə görə iki hava limanının işi məhdudlaşdırılıb
- 11 noyabr, 2026
- 05:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Litvada Belarus tərəfdən ölkənin hava məkanında qaçaqmalçı hava şarlarının görünməsi ehtimalı ilə əlaqədar Vilnüs və Kaunas beynəlxalq hava limanlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
"Report" Litvanın LRT ictimai yayımçısına istinadən xəbər verir ki, bu barədə "Litva Hava Limanları" (Lietuvos oro uostai) dövlət şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, məhdudiyyətlər Belarus tərəfdən sərhədi keçə bilən və Vilnüs ilə Kaunas hava limanları istiqamətində hərəkət edən qaçaqmalçılara aid hava şarları ilə əlaqəli olduğu ehtimal edilən naviqasiya siqnalları aşkar edildikdən sonra tətbiq olunub.
Təhlükəsizlik məqsədilə hava gəmilərinin qəbulu müvəqqəti olaraq dayandırılıb, bu zaman təyyarələrin uçuşları davam edib.
Bundan əlavə, Vilnüs və Utena qəzalarında hava məkanında təhlükə barədə xəbərdarlıq elan olunub.
Təxminən iki saat sonra xəbərdarlıq ləğv edilib, ardınca hər iki hava limanı ştat rejimində fəaliyyətini bərpa edib.