Litva Rusiyanın Kalininqrad vilayətindəki dron insidentinə aidiyyəti olduğunu rədd edib
- 22 noyabr, 2026
- 04:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Litva əvvəllər sərhəd istiqamətindən "şübhəli obyekt"in müşahidə edildiyi Kalininqrad vilayətindəki insidentə aidiyyəti olması barədə məlumatları təkzib edib.
"Report" xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində ölkənin xarici işlər naziri Kestutis Budris yazıb.
"Litva Xarici İşlər Nazirliyi ölkənin Rusiyanın Kalininqrad vilayətinə dron zərbəsində ehtimal olunan iştirakı ilə bağlı sosial şəbəkələrdə yayılan yalan iddiaları qətiyyətlə rədd edir.
Litva Respublikası hazırkı hadisə də daxil olmaqla, Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz hava məkanından istifadəyə heç vaxt icazə verməyib", - bəyanatda bildirilib.
Qeyd edək ki, noyabrın 21-i axşam saatlarında Kalininqrad vilayətində həyəcan siqnalı işə düşüb. Qubernator Aleksey Besprozvannıx bildirib ki, Neman rayonunda "Pilotsuz aparat təhlükəsi" xəbərdarlıq sistemi Litva tərəfindən olan şübhəli obyektə reaksiya verib. Onun sözlərinə görə, mütəxəssislər zəruri yoxlamalar aparıb və heç bir təhlükə olmadığını müəyyən ediblər.
Daha sonra Ukrayna resursları məlumat yayıb ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə olaraq dronlar Kalininqrad vilayəti ərazisindəki hərbi obyektlərə hücum edib.