Axios: Respublikaçıların məğlubiyyəti İranla müharibənin yenidən başlamasına səbəb ola bilər

Digər ölkələr
  • 31 oktyabr, 2026
  • 08:10
Axios: Respublikaçıların məğlubiyyəti İranla müharibənin yenidən başlamasına səbəb ola bilər

ABŞ Konqresinə aralıq seçkilərdə Respublikaçılar Partiyasının nümayəndələrinin məğlubiyyəti prezident Donald Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyasında İrana qarşı zərbələrin yenidən başlanması ilə bağlı fərqli mövqelər mövcuddur.

Dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset bu qərarın tərəfdarıdır. Vitse-prezident Cey Di Vens, eləcə də ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner isə Tehranla danışıqların bərpasına üstünlük verirlər.

Administrasiyadakı mənbələrdən biri bildirib ki, Respublikaçılar aralıq seçkilərdə məğlub olacağı təqdirdə Tramp genişmiqyaslı hərbi əməliyyat barədə əmr verməyə daha çox meyilli ola bilər.

Bununla belə, "Axios"un istinad etdiyi Ağ Evin nümayəndəsi seçkilərin nəticələrinin Trampın İrana münasibətdə qərarına təsir edən amil olmadığını bildirib.

Portalın məlumatına görə, Qətər vasitəçiləri Tehranda ABŞ və İran nümayəndələri arasında birbaşa danışıqların bərpasına yönəlmiş təmaslarda müəyyən irəliləyişə nail olublar. Vasitəçilərin iştirakı ilə danışıqların oktyabrın 31-də Dohada davam etdirilməsi nəzərdə tutulur.