Aİ Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında rəqəmsal əlaqələri gücləndirəcək
- 09 noyabr, 2026
- 22:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı, regional rəqəmsal bağlantı təşəbbüsü çərçivəsində 623 milyon avroya qədər investisiya və texniki yardım səfərbər edərək, Qara dəniz regionu, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında təhlükəsiz rəqəmsal infrastrukturu gücləndirməyi hədəfləyir.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.
Belə ki, bu gün Kişineuda Rəqəmsal Bağlantı üzrə Yüksək Səviyyəli Platformanın ilk iclası keçirilib.
Təşəbbüs 5G, peyk rabitəsi, süni intellekt və məlumat mərkəzləri də daxil olmaqla etibarlı rəqəmsal infrastrukturun inkişafını nəzərdə tutur. Layihələr Orta Dəhliz boyunca təhlükəsiz yerüstü və peyk rabitəsinin, eləcə də digər zəruri infrastrukturun qurulmasına yönəlib.
İclasda Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, Moldovanın Baş naziri Vasile Tofan, rəqəmsal transformasiya nazirləri, Aİ, Qara dəniz regionu, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin nümayəndələri, beynəlxalq maliyyə institutları və özəl sektorun təmsilçiləri iştirak ediblər.
2026-cı ilin iyununda yaradılan Rəqəmsal Bağlantı Platforması Aİ-nin Cənubi Qafqaz və Qara dəniz regionu vasitəsilə Mərkəzi Asiya ilə nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı gündəliyinin bir hissəsidir.
Aİ hesab edir ki, Orta Dəhlizin inkişafı nəqliyyat marşrutlarının şaxələndirilməsinə, ticarət axınlarının üç dəfə artırılmasına və 2030-cu ilədək yükdaşımaların müddətinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək.
Platformanın enerji bağlantısına həsr olunmuş növbəti iclasının 2027-ci ildə keçirilməsi planlaşdırılır. Regional təhlükəsizlik və bağlantı məsələlərinə dair ikinci nazirlər iclası isə noyabrın 16-da Brüsseldə baş tutacaq.