Mərkəz direktoru: “Qoyulan məhdudiyyət səbəbindən göz xəstəliyindən əziyyət çəkən 2 987 xəstəni əməliyyat edə bilmirik”
- 18 yanvar, 2017
- 09:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 yanvar. REPORT.AZ/ “Gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan xəstələri əməliyyat edə bilmirik. Buna görə də hazırda 2 987 xəstə gözləyir. Onların vaxtı gedir, əməliyyat olunmalıdır, çünki onlar zamanında əməliyyat olunmazlarsa, görmə qabiliyyətlərini itirə bilərlər”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin iclasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.
O qeyd edib ki, bu məhdudiyyətin aradan qaldırılması müsbət amil ola bilər: “Həmin xəstələrin 70 faizi gənclərdir. Müəyyən qurumlar var ki, xəstələri toplayıb xarici ölkələrə əməliyyata aparır. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Çünki həmin xəstələr ambulator müayinədən keçməlidirlər”.
E.Qasımov bildirib ki, Azərbaycan bu əməliyyatlar pulsuz həyata keçirilir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, Azərbaycanda da buynuz qişa toxumasının dünyasının dəyişən şəxslərdən də götürmək olar, amma bunun üçün xüsusi klinikaların olması vacibdir: “Hələlik isə bu toxumanın Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Bunun üçün Gömrük Məcəlləsinə dəyişiklik edilməlidir. Çünki həmin toxumalar gömrük keçid məntəqələrindəki rentgen aparatından keçirilə bilməz. Toxuma aparatdan keçirildikdən sonra funksiyasını itirir”.
Komitə sədri Əhliman Əmiraslanmov qeyd edib ki, bu məhdudiyyət aradan qaldırılmalıdır.