Pyetro İnfante: "2027-ci ildə İtaliyanın Azərbaycana ixracı 510 milyon avro təşkil edəcək"
- 23 noyabr, 2026
- 11:49
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya Ticarət və Sənaye Palataları İttifaqının ("Unioncamere") beynəlmiləlləşmə şöbəsinin rəhbəri Pyetro İnfante ənənəvi ticarət əlaqələri modelindən kənara çıxaraq Azərbaycan-İtaliya münasibətlərini yeni səviyyəyə qaldırmağı təklif edib.
"Report" xəbər verir ki, o, bunu Bakıda keçirilən İtaliya-Azərbaycan biznes forumunda bildirib.
P.İnfantenin sözlərinə görə, birgə müəssisələrin yaradılmasına, sənaye tərəfdaşlıqlarının inkişafına və texnologiya transferinə dair sazişlərin bağlanmasına diqqət yetirmək lazımdır:
"Bu, ölkələrimizdə daha dayanıqlı əlavə dəyər zəncirlərinin formalaşmasına imkan verəcək".
Şöbə rəhbəri vurğulayıb ki, enerji texnologiyaları, qabaqcıl istehsalat, aqrar-sənaye kompleksi, qida məhsullarının emalı, infrastruktur və logistika daxil olmaqla, müxtəlif sektorlarda iki ölkə iqtisadiyyatının bir-birini tamamlamasına xüsusi diqqət yetirilməlidir.
P.İnfante həmçinin qeyd edib ki, proqnozlara görə, İtaliyanın Azərbaycana ixracı davam edəcək: 2026-cı ildə onun məbləği 490 milyon avro təşkil edəcək, 2027-ci ildə isə 500 milyon avronu ötərək təxminən 510 milyon avroya çatacaq.
O, həmçinin bütün Qafqaz regionu və Mərkəzi Asiya üçün bir tərəfdaş kimi Azərbaycanın strateji rolunu vurğulayıb.
İnfante bildirib ki, forum çərçivəsində Baku Steel Company ilə İtaliyanın iki şirkəti arasında saziş imzalanacaq.
Onun sözlərinə görə, ticarət palataları sisteminin və İtaliya-Azərbaycan Ticarət Palatası "Itazercom"un fəal iştirakı iki ölkə arasında iqtisadi qarşılıqlı əlaqələrin genişlənməsində mühüm amil olacaq:
"İtaliya Xarici İşlər Nazirliyinin koordinasiyası və "Sistema Italia"nın bütün nümayəndələrinin iştirakı ilə bugünkü təmasları möhkəm və uzunmüddətli sənaye tərəfdaşlığına çevirməyə hazırıq".