Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas çağırışlar açıqlanıb

Biznes
  • 16 noyabr, 2026
  • 12:24
Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas çağırışlar açıqlanıb

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas çağırışlardan biri maliyyə resurslarına çıxış və maliyyələşmədir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Uzunmüddətli maliyyə resurslarına çıxış imkanları və maliyyələşmənin dəyəri mühüm məsələdir. Kapital tutumlu sənaye layihələri 10 il və daha artıq müddətə maliyyələşmə tələb edir. Bu məqsədlə müvafiq qurumlar uzunmüddətli maliyyələşmə mexanizmlərinin formalaşdırılması, milli valyutada uzunmüddətli yığımların həvəsləndirilməsi və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Cari ildə vençur və kraudfandinq maliyyələşdirmə mexanizmləri üzrə qanunvericilik bazası yaradılıb. Eyni zamanda, kapital və kriptoaktivlər bazarları üzrə də yeni tənzimləyici çərçivənin hazırlanması istiqamətində addımlar atılır", - deyə nazir vurğulayıb.

M.Cabbarov növbəti çağırışın suveren resursların gəlirliliyinin yüksəldilməsi olduğunu qeyd edib: "Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzu üstələyir və bu, ölkənin əhəmiyyətli üstünlüyüdür. Ehtiyatların gəlirliliyinin artırılması və onların müəyyən hissəsinin ölkə iqtisadiyyatının uzunmüddətli maliyyələşməsinə effektiv şəkildə yönləndirilməsi də vacib vəzifələr sırasındadır".

Onun sözlərinə görə, digər bir çağırış büdcə xərclərinin, o cümlədən əsaslı xərclərin vaxtında və nəticəli icrasıdır.

"Fiskal optimallaşdırma şəraitində büdcədən ayrılan hər manatın vaxtlı-vaxtında və maksimum effektivliklə sərf olunması xüsusi önəm daşıyır. Layihələrin icra müddətlərinə ciddi əməl edilməsi və icra intizamının möhkəmləndirilməsi qarşımızda duran başlıca vəzifələrdəndir. Həmçinin özəl sektorun investisiya qoyuluşları üçün daha münasib şəraitin formalaşdırılması zəruridir. Dövlətin investor rolundan tərəfdaş roluna keçid mərhələsində özəl kapital üçün imkanların artırılması vacib şərtdir. Bu istiqamətdə mövcud investisiya təşviqi mexanizmi ilə yanaşı, sahələr və klasterlər üzrə yeni və hədəfli vergi təşviqləri davam etdirilir. Buna nümunə olaraq, bu yaxınlarda təsdiq olunmuş innovasiya, startap və texnologiya parkları üzrə 20 ilədək müddəti əhatə edən vergi güzəştləri paketini göstərmək olar", - deyə M.Cabbarov əlavə edib.