KTN pambıq istehsalçılarına ödənişlərin gecikdirilməsinə münasibət bildirib
- 13 noyabr, 2026
- 11:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Son günlər ayrı-ayrı fermerlərin bəzi pambıq tədarükçüsü şirkətlərinə təhvil verdiyi pambığın dəyərinin ödənilməməsi və yaxud ödənişlərin gecikdirilməsi ilə bağlı müxtəlif media resurslarında və sosial şəbəkələrdə yenidən müraciətləri yayımlanır.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) bəyan edib.
Məlumata görə, həmin pambıq istehsalçılarının bir qismi yenidən nazirlikdə qəbul edilib, müraciətlərində qaldırılan məsələlər dinlənilib və yaranmış vəziyyətlə bağlı ətraflı izahat verilib. Görüş zamanı pambıq tədarükü prosesində tərəflərin hüquq və öhdəlikləri, dövlət subsidiyasının ödənilməsi mexanizmi və problemin hüquqi həlli yolları barədə məlumat təqdim olunub.
"Azərbaycanda pambıq istehsalçıları ilə pambıq emalı və tədarükü ilə məşğul olan şirkətlər arasında münasibətlər, bir qayda olaraq, "Müqaviləli əkinçilik" (Contract Farming) modeli əsasında tənzimlənir. Bu çərçivədə tərəflərin hüquq və öhdəlikləri qarşılıqlı qaydada imzalanmış müqavilələrlə müəyyən edilir. Müvafiq müqavilə şərtlərinə əsasən, istehsal mövsümü ərzində şirkətlər tərəfindən fermerlərə verilmiş avanslar, həmçinin təqdim olunmuş mineral gübrə, pestisid, toxum və göstərilmiş texniki xidmətlərin dəyəri mövsümün sonunda təhvil verilmiş pambıq məhsulunun ümumi dəyərindən çıxılır. Qalan məbləğin fermerə ödənilməsi isə məhsulu tədarük edən şirkətin müqavilə üzrə öhdəliyidir.
Dövlət pambıqçılığın inkişafının stimullaşdırılması məqsədilə fermerlərə istehsal edib tədarük məntəqələrinə təhvil verdikləri pambıq məhsuluna görə əlavə məhsul subsidiyası ödəyir. Bu, əvəzsiz və geri qaytarılmayan dövlət dəstəyi tədbiridir. Pambıq istehsalçılarına subsidiyaların ödənilməsi ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası" əsasında həyata keçirilir. Daxil olan fermer şikayətlərində adı çəkilən tədarükçü şirkətə və bu şirkətə pambıq təhvil vermiş fermerlərə 2025-ci ildə istehsal etdikləri pambıq məhsulu üçün məhsul subsidiyası tam ödənilib. Fermerlərin əsas narazılığı isə təhvil verdikləri pambıq məhsulunun dəyərinin müvafiq şirkət tərəfindən ödənilməməsi və yaxud gecikdirilməsi ilə bağlıdır.
Bildiririk ki, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlər özəl hüquqi şəxslərdir və nazirliyin tabeliyində fəaliyyət göstərmirlər. Bu səbəbdən Nazirlik və onun tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərlə özəl şirkətlər arasında bağlanmış müqavilələr üzrə tərəf hesab olunmur, tərəflər arasındakı müqavilə münasibətlərinə birbaşa müdaxilə etmək səlahiyyətinə malik deyillər. Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlərin təhvil aldığı məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının da məhkəməyə müraciət etmə hüquqları var.
Eyni zamanda, fermerlərin üzləşdiyi problemin həlli və pambıq tədarükü sahəsində müqavilə öhdəliklərinin icrasının təmin edilməsi üçün pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərlə mütəmadi müzakirələr aparılır. Şirkətlərə fermerlər qarşısında götürdükləri müqavilə öhdəliklərinə ciddi riayət etmələri, təhvil aldıqları pambıq məhsulunun dəyərini müqavilə şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə ödəmələri ilə bağlı müvafiq tövsiyələr verilir", - deyə nazirlik bəyan edib.