Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı olması önəmlidir - Rəy

Analitika
  • 13 noyabr, 2026
  • 22:50
Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı olması önəmlidir - Rəy

Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyada keçirilən "Avropa Siyasi Birliyi"nin (ASB) 9-cu Zirvə Toplantısında iştirakı mühüm əhəmiyyət kəsb edir və Bakının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu önəmlidir.

Bu barədə "Report"a Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

"Avropa ölkələrinin dövlət və hökumət başçılarını, eləcə də beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirən bu mühüm siyasi platforma qitənin gələcəyi, təhlükəsizlik, iqtisadi inkişaf, enerji təminatı və nəqliyyat əlaqələri ilə bağlı məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır", - o deyib və əlavə edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, ölkəmizin etibarlı enerji tərəfdaşı kimi fəaliyyətini davam etdirməsi olduqca önəmlidir.

Belə ki, 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra Aİ-yə təbii qaz ixracı 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu göstərici Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edir.

Bununla yanaşı Azərbaycanın alternativ enerji mənbələrinin gələcəkdə daha böyük əhəmiyyət qazanacağı da birmənalıdır. Bu baxımdan Azərbaycanın bərpaolunan enerji potensialı, enerji infrastrukturunun genişləndirilməsi və Avropa ilə yeni əməkdaşlıq istiqamətləri xüsusi ilə diqqət mərkəzindədir:

"Zirvə Toplantısı çərçivəsində baş tutan mühüm görüşlərdən biri Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş olub. Bu görüş regionda sülhün möhkəmləndirilməsi istiqamətində siyasi dialoqun davam etdiyini göstərən mühüm hadisələrdən biri kimi diqqət çəkir. Eyni zamanda, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əməkdaşlığın inkişafı Cənubi Qafqazın gələcək inkişafı baxımından yeni imkanlar yarada bilər".

Dublin Zirvə Toplantısında Azərbaycanın iştirakı müxtəlif beynəlxalq platformalarda fəal iştirakın davamı kimi qiymətləndirilir. "Azərbaycan Avropa ilə münasibətlərində enerji, nəqliyyat, iqtisadiyyat və regional təhlükəsizlik məsələlərini əsas əməkdaşlıq istiqamətləri kimi gündəmdə saxlayır", - deputat bildirib.

Onun fikrincə, Azərbaycanın coğrafi mövqeyi, enerji resursları, inkişaf edən nəqliyyat infrastrukturu və Şərq-Qərb bağlantılarındakı rolu ölkəmizi Avropa ilə Asiya arasında əməkdaşlığın mühüm iştirakçılarından birinə çevirir: "Xüsusilə Orta Dəhliz, enerji təchizatının şaxələndirilməsi və regional nəqliyyat layihələri Avropa dövlətləri ilə əməkdaşlığın perspektivli istiqamətləri sırasındadır".

Sevinc Hüseynovanın sözlərinə görə, Prezident İlham Əliyevin Dublində keçirilən 9-cu Zirvə Toplantısında iştirakı bir sıra mühüm siyasi və iqtisadi təmaslarla yadda qalıb:

"Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki rolu, Avropa ilə nəqliyyat və iqtisadi əməkdaşlıq imkanları, Ermənistanla sülh gündəliyinin müzakirəsi və Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi səfərin əsas istiqamətlərini təşkil edib.

Dublin görüşləri bir daha göstərib ki, müasir beynəlxalq münasibətlər sistemində enerji, təhlükəsizlik, nəqliyyat və iqtisadi əməkdaşlıq məsələləri bir-biri ilə sıx bağlıdır. Azərbaycanın bu proseslərdə iştirakı ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, milli maraqlarının beynəlxalq müstəvidə ifadə olunması və regionda uzunmüddətli sülhün təşviqi baxımından əhəmiyyətli diplomatik fəaliyyətin tərkib hissəsidir".

44 filmi