Zuyev: BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanla tərəfdaşlığı gücləndirməyə ümid edir

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 11:33
Zuyev: BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanla tərəfdaşlığı gücləndirməyə ümid edir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə ümid edir.

"Report" xəbər verir ki, bunu BMT baş katibinin terrorla mübarizə məsələləri üzrə müavini vəzifəsini icra edən Aleksandr Zuyev Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

Onun sözlərinə görə, idarənin fəaliyyət istiqamətlərindən biri dini və mədəni obyektlərin terror hücumlarından qorunmasında dövlətlərə yardım etməkdir.

"Belə simvolik əhəmiyyətli yerlərə hücumlar bilavasitə təsirə məruz qalmış icmaların hüdudlarından çox kənarda təsir göstərmək üçün nəzərdə tutulub. Onlar cəmiyyətlərdə və hətta dövlət sərhədlərindən kənarda da qorxunu və parçalanmanı artırır. Buna görə də, bu obyektlərin qorunması sülh şəraitində birlikdə yaşamaq istəyinin və imkanının qorunub saxlanması üçün həlledici əhəmiyyət kəsb edir", - A.Zuyev vurğulayıb.

O qeyd edib ki, bu iş dini irsə və konfessiyalararası dialoqa böyük əhəmiyyət verən Azərbaycan üçün xüsusilə aktualdır.

A.Zuyev həmçinin terror qruplaşmalarının təbliğat, cəlb etmə, maliyyələşdirmə və operativ məqsədlər üçün rəqəmsal platformalardan istifadə etməsinə diqqət çəkib. Onun sözlərinə görə, oyun platformaları və onlarla əlaqəli xidmətlər müxtəlif millətlərdən və əqidələrdən olan insanları birləşdirir, lakin eyni zamanda istifadəçiləri manipulyasiyalara və zorakı ekstremist narrativlərin təsirinə məruz qoya bilər.

O bildirib ki, zorakı ekstremizmin qarşısının alınması və ona qarşı mübarizə üzrə qlobal proqram çərçivəsində idarə rəqəmsal platformalarda bu təhdidlərə qarşı mübarizə məqsədilə tədqiqatlara və praktiki tədbirlərə investisiya yatırmaq niyyətindədir: "Bizim vəzifəmiz bu onlayn icmaları anlamaq və onlarla birlikdə işləməkdir ki, profilaktika etibar yaratsın və effektiv olsun. Gənclər tədqiqatçılar, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti ilə yanaşı cavab tədbirlərinin hazırlanmasında iştirak etməlidirlər".