Slovakiyalı nazir: "Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qiymətləndiririk"

Xarici siyasət
  • 15 iyul, 2026
  • 12:04
Slovakiyalı nazir: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qiymətləndiririk

Slovakiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Denisa Sakova Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan təkcə etibarlı enerji tərəfdaşı kimi yox, həm də regionları və bazarları birləşdirən böyük logistika qovşağı kimi getdikcə daha mühüm rol oynayır: "Energetika iqtisadi əməkdaşlığımızın əsas sütunlarından biri olaraq qalır. Təbii qaz mənbələrinin və onun nəqli marşrutlarının şaxələndirilməsi həm Slovakiya, həm də Avropa üçün həlledici əhəmiyyətə malikdir. Azərbaycanın regionumuzun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk".

Nazir qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq energetika sahəsi çərçivəsindən kənara çıxır: "Slovakiya şirkətləri artıq Azərbaycanın inkişafına töhfə verirlər. Qarabağın bərpasında iştirak etmək imkanını yüksək qiymətləndiririk. Ağdamdakı "Ağıllı kənd" layihəsi Slovakiya texnologiyalarının və təcrübəsinin insanların həyatını yaxşılaşdıran praktik həllər təklif edə bilməsinin əla nümunəsidir".

D.Sakovanın sözlərinə görə, Slovakiya həmçinin infrastruktur, rəqəmsallaşma, sənaye istehsalı, su ehtiyatlarının idarə olunması və qabaqcıl texnologiyalar sahələrində qarşılıqlı fəaliyyət üçün əhəmiyyətli potensial görür.

O vurğulayıb ki, Slovakiya güclü mühəndislik məktəbi, yüksəkixtisaslı kadrları və artan innovasiya potensialı olan müasir sənaye iqtisadiyyatıdır, Slovakiya şirkətləri isə Azərbaycanın gələcək inkişafında etibarlı tərəfdaş olmağa hazırdır.

D.Sakova, həmçinin xatırladıb ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərində yeni səhifə açıb, əməkdaşlıq isə artıq energetika, müdafiə sənayesi, istehsalat, investisiya layihələri və azad edilmiş ərazilərin bərpası sahələrində konkret nəticələr verir.

44 filmi