Siqnaxidə Azərbaycan və Gürcüstan arasında ikitərəfli sənədlər imzalanıb

Xarici siyasət
  • 30 oktyabr, 2026
  • 12:49
Siqnaxidə Azərbaycan və Gürcüstan arasında ikitərəfli sənədlər imzalanıb

Oktyabrın 30-da Gürcüstanın Kaxetiya bölgəsinin Siqnaxi şəhərində Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, mərasimdə Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları arasında gömrük, bitki karantini, bitki mühafizəsi və baytarlıq sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənədlər imzalanıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Gürcüstanın maliyyə nazirinin müavini, Gəlirlər Xidmətinin rəhbəri Mamuka Barataşvili "İpək Yolu – Abreşumis Qza" birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin praktiki fəaliyyətinə dair Azərbaycan və Gürcüstan hökumətləri arasında Protokolu imzalayıblar.

Bundan başqa, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili iki sənədə imza atıblar.

Sənədlər bitki karantini və bitki mühafizəsi, eləcə də baytarlıq sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumlarını əhatə edir.

İmzalanan sənədlər Azərbaycan və Gürcüstan arasında gömrük prosedurlarının, eləcə də kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində qarşılıqlı əməkdaşlığın inkişafına yönəlib.

Daha sonra Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının protokolu imzalanıb.

Sənədi Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıblar.

Qeyd edilib ki, protokol iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.