Sibiqa: Ukrayna Azərbaycanın onun suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi qiymətləndirir

Xarici siyasət
  • 06 avqust, 2026
  • 13:12
Sibiqa: Ukrayna Azərbaycanın onun suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi qiymətləndirir

Ukrayna Azərbaycanın onun suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyini yüksək qiymətləndirir, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiq qalır.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün yekunlarına dair sosial şəbəkələrdə yazıb.

"Azərbaycanın suverenliyimizə və ərazi bütövlüyümüzə dəstəyini yüksək qiymətləndiririk, həmçinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə eyni dərəcədə sadiq qalır", - nazir qeyd edib.

Sibiqanın sözlərinə görə, danışıqlar zamanı diplomatlar ikitərəfli və beynəlxalq gündəliyin əsas məsələlərini, o cümlədən regional təhlükəsizliyi, iqtisadi və enerji əməkdaşlığını, eləcə də Azərbaycanın Ukraynanın bərpasına verdiyi töhfəni müzakirə ediblər.

"Bugünkü görüş Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolunda daha bir mühüm addım oldu. Yüksək səviyyədəki müntəzəm təmaslar, praktik əməkdaşlıq və ikitərəfli gündəliyin genişləndirilməsinə ümumi sadiqlik sayəsində dialoqumuz fəal və məzmunlu olaraq qalır", - Ukraynanın XİN rəhbəri qeyd edib.

Sibiqa həmçinin Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən göstərilən humanitar yardıma, xüsusilə Ukraynanın enerji dayanıqlığına dəstəyinə, eləcə də kritik infrastrukturun bərpasına verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib.

"Məhsuldar danışıqlara görə təşəkkür edirəm, əziz Ceyhun. Əminəm ki, dostluğumuz, qarşılıqlı etimadımız və strateji tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək", - nazir əlavə edib.