Azərbaycan və Slovakiya investisiyaların təşviqinə dair saziş imzalamağı planlaşdırır - YENİLƏNİB

Xarici siyasət
  • 15 iyul, 2026
  • 16:14
Azərbaycan və Slovakiya investisiyaların təşviqinə dair saziş imzalamağı planlaşdırır - YENİLƏNİB

Azərbaycan və Slovakiya hər iki ölkənin sahibkarları üçün daha proqnozlaşdırıla bilən şəraitin yaradılmasına yönəlmiş investisiyaların təşviqi və qorunmasına dair saziş imzalamağı planlaşdırır.

"Report"un Slovakiya mediasına istinadən verdiyi məlumata görə, bu məsələni Bakıda Slovakiya Prezidenti Peter Pelleqrini və Azərbaycanın Baş naziri Əli Əsədov müzakirə ediblər.

Tərəflər, həmçinin enerji təchizatı mənbələrinin və Mərkəzi Avropaya nəqliyyat marşrutlarının şaxələndirilməsi məsələlərini nəzərdən keçiriblər. P.Pelleqrini Slovakiyanın proqnozlaşdırıla bilən və qarşılıqlı faydalı həllərdə maraqlı olduğunu vurğulayıb, Bratislavanın Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişafında öz rolunu gücləndirmək istəyini bəyan edib.

Bundan əlavə, danışıqlar zamanı oktyabr ayından etibarən Bratislava və Bakı arasında birbaşa hava əlaqəsinin açılması müzakirə olunub ki, bunun da iki ölkə arasında ticarətin, turizmin və vətəndaşlar arasında təmasların inkişafına təkan verəcəyi gözlənilir.

Slovakiya Prezidenti, eyni zamanda, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüşüb. Tərəflər may ayında əməkdaşlıq haqqında memorandumun imzalanmasından sonra iki ölkənin qanunverici orqanları arasında dialoqun fəallaşdığını qeyd edib. Eyni zamanda, onlar parlamentlərarası əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər.

Slovakiya Prezidenti Peter Pelleqrini və Azərbaycanın Baş naziri Əli Əsədov iki ölkə arasında ticarət-investisiya və infrastruktur əməkdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Pelleqrini Azərbaycanın Baş naziri ilə görüşdən sonra "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan Prezidenti İlham Əliyev ilə məhsuldar strateji danışıqlardan sonra Baş nazir Əli Əsədovla dialoqu davam etdirməkdən məmnun oldum. Görüşdə diqqət ümumi baxışımızın konkret nəticələrə çevrilməsinə yönəldildi. Biz ticarət-investisiya əməkdaşlığının dərinləşdirilməsi, nəqliyyat infrastrukturunun gücləndirilməsi və Azərbaycanın genişmiqyaslı modernləşdirilməsi proqramında Slovakiya şirkətlərinin iştirakının genişləndirilməsi perspektivlərini müzakirə etdik", - o yazıb.

Pelleqrini həmçinin vurğulayıb ki, enerji təhlükəsizliyi ölkələrin davamlı və etibarlı tərəfdaşlıqlar formalaşdırmaqda ümumi marağını əks etdirərək müzakirələrin əsas istiqamətlərindən biri olub.

"Məqsədimiz aydındır - fəal siyasi dialoqu iqtisadiyyatlarımız üçün uzunmüddətli dəyər yaradacaq, biznes üçün yeni imkanlar açacaq və ölkələrimizin vətəndaşlarına nəzərəçarpacaq fayda gətirəcək praktiki əməkdaşlığa çevirmək", - Slovakiya Prezidenti əlavə edib.

44 filmi