Kobaxidze: Azərbaycanla əməkdaşlığımızı müxtəlif sahələrdə genişləndirmək üçün ciddi planlarımız var
- 30 oktyabr, 2026
- 12:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Gürcüstan energetika, iqtisadiyyat, hərbi əməkdaşlıq, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi planlara malikdir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, görüşlərdə əsas diqqət iqtisadi məsələlərə yönəldilib. Bununla yanaşı, ticarət, elm, mədəniyyət və ikitərəfli əməkdaşlığın digər istiqamətləri də müzakirə olunub. Baş nazir Azərbaycan tərəfi ilə bir neçə görüş keçirildiyini və müzakirələrin əhatəli olduğunu vurğulayıb.
İ.Kobaxidze Azərbaycan və Gürcüstan arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirərək əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
O, iki ölkə arasındakı münasibətlərin yalnız strateji tərəfdaşlığa deyil, həm də xalqlar arasında mövcud olan dostluğa əsaslandığını qeyd edib.