İtaliyanın səfiri idmanı şəhər siyasəti sisteminə inteqrasiya etməyə çağırıb

Xarici siyasət
  • 20 may, 2026
  • 14:58
İtaliyanın səfiri idmanı şəhər siyasəti sisteminə inteqrasiya etməyə çağırıb

İdman ayrıca bir sahə kimi nəzərdən keçirilməməli, şəhər siyasəti, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq sisteminə inteqrasiya olunmalıdır.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Bakıdakı səfiri Luka Di Canfrançesko Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) keçirilən panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu gün artıq idmanın ictimai rifahın vacib bir elementi olduğuna dair geniş anlayış mövcuddur: "Bu gün artıq idmanın həm fərdi, həm də ictimai səviyyədə rifahın artırılması üçün zəruri və fundamental bir element olduğu geniş şəkildə qəbul edilir".

Bununla yanaşı, onun fikrincə, dövlət siyasəti səviyyəsində idmanın dərk edilməsinə dair yanaşmanı dəyişmək lazımdır: "İdman infrastruktur, şəhərsalma, sosial inteqrasiya və ekoloji dayanıqlılığı birləşdirən daha geniş strateji sistemə daxil edildikdə yüksək effekt verir".

Di Canfrançesko əlavə edib ki, idman şəhər regenerasiyasına və sosial həmrəyliyin gücləndirilməsinə töhfə verə bilər: "İdman cəmiyyətin rifahına, təhlükəsizliyinə və sosial həmrəyliyinə birbaşa təsir göstərən şəhər regenerasiyası və yenilənməsi proseslərinə kömək etmək iqtidarındadır".