Oktyabrın sonunda Azərbaycan və Gürcüstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək - Eksklüziv

Xarici siyasət
  • 21 oktyabr, 2026
  • 12:43
Oktyabrın sonunda Azərbaycan və Gürcüstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək - Eksklüziv

Azərbaycan və Gürcüstan oktyabrın sonunda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasını keçirəcək.

Bu barədə "Report"a Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili bildirib.

Onun sözlərinə görə, iclas zamanı tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirmək niyyətindədirlər: "Biz çox şadıq ki, iclası təşkil etmək mümkün oldu. Biz Baş naziri (Azərbaycanın - red.) Gürcüstanda gözləyirik və strateji tərəfdaşlıq ruhunda irəliləməyimizə kömək edəcək ikitərəfli münasibətlərin bütün aktual məsələlərini müzakirə etməyə ümid edirik".

G.Zakaraşvili, həmçinin Azərbaycan və Gürcüstanın xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi perspektivlərini şərh edib.

O xatırladıb ki, hər iki ölkənin xarici işlər nazirləri Hökumətlərarası Komissiyanın tərkibinə daxildirlər və qarşıdan gələn iclas çərçivəsində aktual məsələləri müzakirə edə biləcəklər: "Ümid edirəm ki, onlar həm nazirlər səviyyəsində, həm də xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin daha konkret tarixlərini razılaşdıracaqlar".

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidzedir.