İran XİN başçının müavini: “2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini yüksək qiymətləndiririk”
- 26 yanvar, 2017
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpuru qəbul edib.
XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluqla qeyd edilib. İki ölkə rəhbərlərinin iradəsinə uyğun olaraq, əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Elmar Məmmədyarov bildirib ki, dövlət başçıları səviyyəsində keçirilən görüşlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası birgə komissiyanın fəaliyyəti, insanlararası təmaslar Azərbaycan və İran arasında əməkdaşlığın hərtərəfli inkişafında mühüm rol oynayır. Görüşdə Bakıda yanvarın 25-26-da keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasının əhəmiyyəti qeyd olunub və aparılan müzakirələrin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması işinə əsaslı töhfə verdiyi bildirilib.
Görüşdə iki ölkəni birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Üçtərəfli əsasda Azərbaycan-İran-Türkiyə formatında əməkdaşlığın regionda sülh, sabitlik və çiçəklənmənin təmin olunmasına xidmət etdiyi vurğulanıb.
İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan prezidentinin sərəncamını yüksək qiymətləndirib və bunun müdrik bir qərar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.