Ermənistan XİN-in Azərbaycanla bağlı bütün obyektiv bəyanatlara qeyri-adekvat reaksiya verməsi adi hala çevrilib - RƏY
- 24 iyun, 2025
- 14:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan hökumətinin, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı beynəlxalq təşkilatların istənilən obyektiv bəyanatına sərt və qeyri-konstruktiv reaksiya verməsi artıq adi hala çevrilib.
Bunu “Report”a siyasi ekspert Ülviyyə Zülfiqar deyib.
O qeyd edib ki, bu yanaşmanı Azərbaycanın torpaqları işğal altında olarkən də görmək olardı və hazırda sülh danışıqlarından söhbət gedərkən də belədir:
“Son olaraq İslam Əməkdaşlıq Təşkilatının qərbi azərbaycanlılarla bağlı verdiyi bəyanata Ermənistan tərəfinin reaksiyası da bu mövcud tendensiyanın növbəti nümunəsidir. Əvvəla bu danılmaz faktdır ki, qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdış hüququ var və bu proses heç bir halda ərazi iddiası kimi təqdim edilə bilməz. Əslində Ermənistan tərəfi də bunu çox yaxşı anlayır. Lakin məsələdə vaxtı uzatmaq, prosesi əngəlləmək və daxili siyasi auditoriyaya yönələn mesajlar vermək məqsədilə reallıqdan uzaq, qeyri-adekvat bəyanatlarla çıxış edir”.
Ü.Zülfüqar xatırladıb ki, qərbi azərbaycanlıların geri qayıdış hüququ BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndinə əsaslanır.
“Həmin bəndə görə, “hər bir şəxsin öz ölkəsinə qayıtmaq hüququ vardır”. Qərbi Azərbaycanlılar zorla deportasiya edilməklə öz vətənlərinin sərhədlərini tərk etməyə məcbur ediliblər, Ermənistanın bu hüququ inkar edən və ya siyasi manipulyasiya predmetinə çevirməyə çalışan hər bir bəyanatı, əslində, onun insan hüquqlarına göstərdiyi dırnaqarası “hörməti” və beynəlxalq öhdəliklərə nə qədər səthi yanaşdığını üzə çıxarır.
Ermənistan tərəfi anlamalıdır ki, insan hüquqları müzakirə mövzusu deyil, bir universal dəyərdir. Vaxtı uzatmaqla, məsuliyyətdən qaçmağa çalışmaq qərbi azərbaycanlıların geri qayıdış hüququnu əngəlləməyə mane ola bilməz. Ermənistan tərəfi sülh danışıqlarında da ziddiyətli hərəkətlərdən çəkinməli, prosesə sadiq qalmaq üçün cəhdlər göstərməlidir". - o deyib.